Keşikçidağın Orta əsrlər dulus məmulatı üzərindəki incəsənət təsvirləri

 

   Ölkəmizdə incəsənətin ibtidai mənşəyi Azıx inşaları ilə başlayıb, Mezolit dövründə Qobustan sakinlərinin qayaüstü təsvirləri ilə davam etdirilsə də, Orta əsrlərdə özünün yüksək inkişaf dövrünü yaşamışdır. O dövrün nümunələrində Azərbaycanın təbii zənginlikləri, heyvanat aləmi, ayrı-ayrı mərasimlərlə bağlı inamları, dünyagörüşlərini əks etdirən rəngarəng süjetli təsvirlər əks olunmuşdur.

   Orta əsrlərin ilk mərhələsindən başlayaraq, Azərbaycanda Sasani, Bizans, Ərəb xilafəti və s. dövlətlərin işğalları, İslam dininin qəbulu ilə bağlı məişətdə baş verən dəyişikliklər incəsənət abidələrində təcəssüm etmişdir. O dövr dulusçuluq sənətinin inkişaf mərhələlərini gil qabları üzərindəki bəzək və ornamentlərdə izləmək mümkündür. Əsasən cızma, döymə üsulları ilə həkk olunan bu təsvirlərdə insanların həyat və fəaliyyəti əks olunmuşdur.

   Keşikçidağın dulus qabları üzərindəki təsvirlər əsasən insan, heyvan, ilan, quş rəsmlərindən, əkinçilik, ovçuluq, bağçılıq və maldarlıqla bağlı səhnələrdən, qabların üzərindəki işarə və damğalardan ibarətdir. Bu rəsmlər həmin dövrdə yaşamış insanların təsərrüfat həyatını, dini inamlarını, dünyagörüşünü, mədəniyyətin və incəsənətin inkişaf dinamikasını göstərir. Orta əsrlərə aid boz və qəhvəyi rəngli cilalı və inkrustasiyalı gil qablar zövqlə, gözəl bədii tərtibatda hazırlanmışdır. Dulus məmulatları üzərində bölgənin təbii-coğrafi şəraitini əks etdirən maral, gur, öküz, keçi, canavar, təkər və astronomik təsvirlər daha çoxdur.

   Keşikçidağda tapılmış cam tipli qabın içərisində maralı qovan pələng və ətrafında keçi rəsmləri həkk edilmişdir. Orta əsr qablarının əksəriyyəti içəri tərəfdən yaşıl, göy, və qarışıq rənglərdən alınmış boyalarla örtülmüşdür. Qablar üzərindəki təsvirlərin bir çoxu hələ Tunc dövründən başlayaraq, Azərbaycanda yayılmış qayaüstü təsvirlərlə uyğunluq təşkil edir və onların davamı sayılır. Belə ki, keçi, şir təsvirlərinə e.ə. IV-III minilliklərdən, maralquş rəsmlərinə e.ə. III-II minilliklərdən rast gəlinsə də, Orta əsrlər dulus qabları üzərində də onların təkmilləşmiş formaları əksini tapmışdır. Təsvirlərdəki rənglər həm də insanların dini ideoloji baxışlarını əks etdirir.

   Keşikçidağdan tapılmış əsasən cızma üsulu ilə həkk olunmuş və qarşı-qarşıya əks etdirilmiş keçi rəsmləri diqqəti cəlb edir. Onlar kiçik ölçüdə yandan təsvir olunmuşlar. Bəzi keçilərin buynuzları ellips şəkildə bədəninin arxa hissəsinə doğru uzanmış, bəzilərinin buynuzları dalğavarı şəkildə təsvir olunaraq ucları qabaq istiqamətdə çevrilmişdir. Bu da onu göstərir ki, keçi Keşikçidağ sakinlərini ət, süd kimi zəruri ərzaq məhsulları ilə təmin edirmiş, onun dərisindən məişətdə istifadə olunduğu kimi, tükündən də dulus qablar və təndir hazırlanmasında istifadə olunmuşdur. Qablardan birinin üzərindəki səhnədə keçilər sürü halında, digərində isə müxtəlif istiqamətlərdə dayanmış şəkildə təsvir olunmuşlar. Keşikçidağ ərazisində tapılmış XIV-XV əsrlərə aid boşqab tipli qabın içərisində dəvə rəsmi vardır. O, uzun bədənli, uzunayaqlı və qoşa hürgüclü formada təsvir edilmişdir. Dəvənin ayaqları düz nazik xətlə, boynu isə qalın xətlə təsvir edilmişdir. Orta əsr qablarının üzərindəki bəzi rəsmlərdə insanların həyat tərzi ilə əlaqəli təbiət qüvvələri, səma cisimləri simvolik işarələrlə verilmişdir. Dulus qablarda birinin üzərindəki təsvirdə qoyuncanavar üz-üzə dayanmışdır ki, bu da qədim inamlarımızdan biri olan qurd ağzı bağlama ovsunu ilə əlaqəlidir. Maldar əhali arasında itən heyvanların gecədən səhərə salamat çıxması üçün bu cür ovsunlardan istifadə olunurdu. Adətən hava qaralanadək bıçağın ağzına ip qoyulur və bağlanılırdı. Belə hesab edilirdi ki, əgər qurd gecə həmin heyvana rast gəlsə də, ona toxunmayacaq. Dulus qablar üzərindəki it, uzunqulaq, dəqiq bilinməyən digər heyvan rəsmləri kimi təsvirlər bədii yaradıcılıq baxımından seçilir. İt hələ ibtidai dövrdən başlayaraq insanların həyatı ilə sıx bağlı olduğundan qabın üzərindəki təsvirdə canlı şəkildə verilmişreal vəziyyəti əks etdirmişdir. Dulus qabları üzərindəki təsvirlərin bəziləri həndəsi formalı motivlərlə ifadə olunmuşdur. Bu cür bəzək nümunələri hələ Tunc dövründən başlayaraq Orta əsrlər dövründə də davam etmişdir. Belə elementlər memarlıqda, metalişləmə, toxuculuq kimi sənət sahələrində, həmçinin xalçaçılığın bədii tərtibatında Qazax-Ağstafa bölgəsində bu gündavam etdirilir.

   Keşikçidağdan aşkar olunmuş dulus məmulatları üzərindəki bəzək növləri, rəsmlər Gəncə-Qazax bölgəsinin Orta əsrlər materialları üçün eyniyyət təşkil edir. Bu cür təsvirlərin TuncAntik dövr materiallarında aşkarlanması maddi mədəniyyətdə ənənəviliyi, varisliyibu ərazilərin xalqımıza məxsus daimi yaşayış yerləri olduğunu təsdiq edir.

  

   Musa Musaqulov

   Keşikçidağ Tarix-mədəniyyət qoruğunun direktoru

  

   Arif Məmmədov

   aparıcı elmi işçi

 

Mədəniyyət.- 2018.- 2 may.- S.13.