Gənc ifaçıların III Respublika müsabiqəsinə yekun vuruldu

 

   Mayın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş gənc ifaçıların III Respublika müsabiqəsinə yekun vuruldu.

   Müsabiqə müxtəlif ixtisaslar üzrə üç yaş qrupunu əhatə edib. İki mərhələdən ibarət müsabiqə Təhsil Nazirliyi, Mədəniyyət NazirliyiBülbül adına Orta ixtisas musiqi məktəbinin təşkilatçılığı ilə keçirilib.

   Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd şagird və tələbələr arasında ümummilli lider Heydər Əliyev irsini təbliğ etmək, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır. Nazir müavini qeyd etdi ki, ümummilli lider Heydər Əliyev, ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil, mədəniyyət və musiqisinin inkişafına da xüsusi diqqət və qayğı göstərib. Respublikaya rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirib.

   Firudin Qurbanov sonda müsabiqə iştirakçılarına gələcək sənət yolunda və həyatda uğurlar arzuladı.

   Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olundu.

   Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Konsert proqramında Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müsabiqənin laureatları çıxış etdilər. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olundu.

   Qeyd edək ki, fortepiano, simli musiqi alətləri, xalq çalğı alətləri, vokal ifaçılığı (xanəndə və klassik) və üç yaş kateqoriyası üzrə iki mərhələdə keçirilən müsabiqəyə respublikanın regionları da daxil olmaqla musiqi və incəsənət məktəblərindən 572 nəfər iştirakçı sənəd təqdim edib. Onlardan 215 iştirakçı birinci, 119 iştirakçı isə ikinci mərhələyə seçilib. Münsiflər heyətinin yekun qərarı ilə 124 nəfər laureatdiplomant adına layiq görülüb.

   Müsabiqə çərçivəsində həmçinin Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı elmi-praktik konfrans keçirilib.

  

   Fariz

Mədəniyyət.- 2018.- 4 may.- S.2.