“Mənim dünyam

 

   Məktəbli rəssamın qrafika və rəngkarlıq əsərlərindən ibarət sərgi açılıb

  

   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək Suada Yusifzadənin əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən danışdı. Bildirdi ki, sərgidə rəssamın müxtəlif mövzularda 50-dən çox əsəri nümayiş olunur. Rəsm nümunələri müəllifin bədii dünyasının təzahürüdür: “Bizim gənclərimiz çox istedadlıdır. Suada Yusifzadə də yüksək zövqlə bu işlərin öhdəsindən gəlir. Sərgi münasibətilə onu təbrik edir, yaradıcılıq uğurları arzulayıram”.

   Əməkdar incəsənət xadimi Kübra Əliyeva, Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina Əliyeva və başqaları çıxış edərək rəssamın əsərlərinin özünəməxsusluğu ilə diqqət çəkdiyini nəzərə çatdırdılar. Bildirildi ki, Suadanın işləri məna-məzmun tutumuna görə fərqlidirlər. Sərgilənən əsərlərin sənətsevərlər tərəfindən maraqla qarşılanacağını vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzu etdilər.

   Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular.

   Qeyd edək ki, Suada Yusifzadə 2006-cı ildə Bakı şəhərində anadan olub. Hazırda Bakı Modern Təhsil Kompleksində təhsil alır. Həmçinin 2016-cı ildən rəngkarlıq və dekorativ-tətbiqi sənət üzrə “Günxan Art” studiyasında təşkil olunan kurslarda iştirak edir. Bir sıra rəsm müsabiqələrində iştirak edərək diplomlara layiq görülüb. İsveçrə və Norveçin Bakıdakı səfirliklərində fərdi sərgiləri təşkil olunub. Budəfəki sərgidə rəssamın dünyaya baxışını əks etdirən qrafika və rəngkarlıq əsərləri nümayiş etdirilir.

  

   Fariz

Mədəniyyət.- 2018.- 4 may.- S.8.