Cümhuriyyətin və dahi bəstəkarın yubileyləri Almaniyada qeyd olunub

 

   Almaniyanın Düsseldorf şəhərində Azərbaycan, rusalmandilli cəmiyyətlərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və dahi bəstəkar Qara Qarayevin 100 illik yubileylərinə həsr olunmuş gecə keçirilib.

   Ədəbi-bədii gecə Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və Düsseldorfda fəaliyyət göstərən “Pinnokio” cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşib.

   Düsseldorf şəhərinin meri Tomas Geysep tədbirin təşkilatçısı, “Pinnokio” cəmiyyətinin rəhbəri Lalə Süleymanovaya, gecənin qonağı, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevə təşəkkür edib.

   Daha sonra Çingiz Abdullayev tədbir iştirakçılarına Azərbaycan xalqının böyük mədəni irsi, müxtəlif zamanlarda yaşayıb-yaratmış yazıçı və şairlər haqqında məlumat verib, görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığı və musiqi irsi barədə danışıb.

   Tədbirin bədii hissəsində Almaniyada musiqi fəaliyyəti ilə məşğul olan həmyerlimiz Anar İbrahimov skripkada Qara Qarayevin əsərlərini ifa edib. Çexiya və Azərbaycanda tanınan dramaturq və şairə Leyla Bəyim Cəfərova isə dahi bəstəkarın 100 illiyinə həsr etdiyiYeddi gözəl” adlı lirik əsərini təqdim edib. Azərbaycanlı rəssam və gəlincik ustası olan Vəfa Həşimova yubiley üçün hazırladığı yeni kolleksiyasını nümayiş etdirib.

  

Mədəniyyət.- 2018.- 9 may.- S.2.