Ulu öndər milli kinematoqrafiyanın inkişafına həmişə qayğı göstərib

 

   Mayın 8-də Nizami Kino Mərkəzində Dövlət Film Fondunun təşkilatçılığı ilə ümummilli liderin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan kinosumövzusunda konfrans keçirildi.

   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbiri açaraq bildirdi ki, hər il ulu öndərin ad günü ərəfəsində kino işçiləri bir araya gələrək onun əziz xatirəsini yad edirlər: “Mən ulu öndər Heydər Əliyevin qayğısını hələ 17 yaşım olarkən, 1980-ci ildən hiss etmişəm. Onun dəstəyi ilə kinematoqrafiya sahəsində təhsil almışam. Buna görə də bu böyük şəxsiyyətə ömrümün axırınadək borcluyam”.

   Qeyd olundu ki, ümummilli lider sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə də, müstəqillik dövründə də mədəniyyətimizə böyük qayğı göstərib. 70-ci illərdə Azərbaycan kinosunun dəyərli nümunələri ərsəyə gəlib, milli kinomuzun yubileyi keçirilib, kino xadimləri fəxri adlara layiq görülüb. “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə vəsait ayrılıb. Ulu öndər hər zaman kinomuzun gəncləşməsi, yeniləşməsi məsələsinə böyük diqqət yetirib.

   Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanda kinonun inkişafını diqqətdə saxlayıb. O, çıxışlarında vurğulayırdı ki, hər bir kino xadimi öz yaratdığı əsərə görə məsuliyyət daşıyır, yeni insanların, gənc nəslin formalaşmasında mədəniyyətin rolu çox böyükdür. Kino sənəti insanların mənəvi həyatında böyük əhəmiyyət kəsb edir. Görkəmli dövlət xadimi kino işçiləri ilə görüşləri zamanı deyirdi ki, hər bir film öz milli xüsusiyyəti ilə tanınmalıdır.

   Konfransda çıxış edən Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğıdan söz açdı. Qeyd etdi ki, bəzi filmlərimizin sovet ideologiyasının tələblərinə cavab vermədiyi üçün ekrana buraxılmamaq təhlükəsi yaranarkən kino işçilərinin köməyinə yenə də Heydər Əliyev gəlirdi. “Bir cənub şəhərində” və “İstintaq” filmlərini buna misal göstərə bilərik. Bundan əlavə, “İmtahan”, “Ad günü” və s. filmlərin ekrana vəsiqə qazanmasında da ulu öndərin böyük rolu olub. O, hətta “Babək” filminin istehsalı ilə bağlı Moskvanın nəzərdə tutduğu vəsaitdən əlavə filmə respublika büdcəsindən vəsait ayırmışdı. Azərbaycanda kinonun yaranma tarixinin rəsmiləşməsi, kino işçilərinin peşə bayramının təsis olunması da onun qərarı ilə həyata keçdi. Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə hər il avqustun 2-si Azərbaycan kinosu günü kimi qeyd edilir.

   Çıxışlardan sonra Əməkdar incəsənət xadimi, bəstəkar Vasif Allahverdiyevin simfonik poeması üzərində ərsəyə gələn "Heydər Əliyev - ömür yolu" filmi nümayiş olundu. Filmin ssenari müəllifi və rejissoru Nazim Əkbərov, ideya müəllifi və baş məsləhətçisi millət vəkili Fəttah Heydərovdur. Bəstəkar V.Allahverdiyev ümummilli liderlə bağlı xatirələrini bölüşdü. Bildirdi ki, simfonik poema Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə ifa edilib.

  

   Lalə Azəri

Mədəniyyət.- 2018.- 9 may.- S.4.