Azərbaycanda azsaylı xalqların irsi hər zaman diqqət mərkəzindədir

 

   “Suvar” ləzgi mahnı və rəqs ansamblının konserti maraqla qarşılandı

  

   Mayın 7-də Heydər Əliyev Sarayında “Suvar” ləzgi mahnı və rəqs ansamblının konserti keçirildi. Mədəniyyət Nazirliyinin dəstəyi və “Samur” Ləzgi Milli Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən konsert proqramı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr edilib.

   “Samur” Ləzgi Milli Mərkəzinin sədr müavini İmran Rzayev konsertin bu əlamətdar yubileylərə həsr olunmasının təsadüfi olmadığını vurğuladı. Qeyd etdi ki, Azərbaycan dövləti tərəfindən hər zaman azsaylı xalqlara qayğı ilə yanaşılıb, onların mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsinə dəstək verilib.

   Mədəniyyət Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan danışdı. Vurğuladı ki, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyəti daim diqqət və qayğı ilə əhatə olunub. Bildirildi ki, tarixən ölkəmizdə müxtəlif xalqların nümayəndələri anlaşma içində yaşamışlar.

   “Suvar” ləzgi mahnı və rəqs ansamblı haqqında söz açan Fikrət Babayev qeyd etdi ki, kollektiv 1996-cı ildə Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-jurnalist Sədaqət Kərimova tərəfindən yaradılıb. Folklor ənənələrinə əsaslanan zəngin repertuarı və orijinal mahnı və rəqsləri ilə tanınan ansamblın uğurları respublikamızın hüdudlarını aşıb. 2011-ci ildə nazirlik tərəfindən “Xalq kollektivi” fəxri adı verilən ansambl bir sıra festivallarda, o cümlədən 2012-ci ildə Türkiyənin Ankara şəhərində keçirilmiş Anadolu festivalında respublikamızı layiqincə təmsil edib. 2016-cı ildə ansamblın 20 illik yubileyi qeyd olunub.

   Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Konsertdə “Suvar” ansamblının üzvləri “Çəmənlik”, “Döyüş”, “Qartallar”, “Dəcəl qızlar” və digər rəqsləri təqdim etdilər. Musiqili gecədə Azərbaycan estradasının bir sıra tanınmış ifaçıları da səhnəyə çıxdılar. Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2018.- 9 may.- S.5.