“Nəğmə dolu bir ürəyəm”

 

   Mayın 4-də Nizami Kino Mərkəzində Azərbaycanın dünya şöhrətli müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudova həsr edilmiş “Nəğmə dolu bir ürəyəm” sənədli filminin təqdimatı keçirildi. Ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında lentə alınıb.

   Təqdimat mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, dövlət rəsmiləri və tanınmış sənət adamları iştirak edirdi.

   Filmin nümayişindən əvvəl çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova müğənninin həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, Rəşid Behbudov fenomenal şəxsiyyət idi. Onun istər müğənni, istərsə də aktyor kimi çıxışları hər zaman böyük rəğbət doğururdu. Rəşid Behbudovun səsi, səhnə mədəniyyəti insanları valeh edirdi. Bütün dünyada onu tanıyır və sevirdilər. “Arşın mal alan” filmindəki rolu ona ümumxalq sevgisi qazandırmaqla yanaşı, dünya şöhrəti də gətirib. O öz sənəti ilə Azərbaycan musiqi mədəniyyətini zənginləşdirib. Azərbaycanda Mahnı Teatrının əsasını qoyan sənətkar vətənin hüdudlarından uzaqlarda musiqimizi təbliğ edib.

   Rəşid Behbudovun qızı, Əməkdar artist Rəşidə Behbudova çıxış edərək sənədli filmin ərsəyə gəlməsində anası Ceyran xanımın böyük əmək sərf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, bir neçə ay öncə dünyasını dəyişən Ceyran xanım səbirsizliklə ekran əsərinin premyerasını gözləyirdi və əfsus ki, sonsuz sevgi ilə yaradılan bu filmi görmək ona nəsib olmadı. Atası ilə bağlı xatirələrini dilə gətirən Rəşidə xanım çıxışının sonunda filmin hazırlamasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

   Filmin rejissoru Rauf Məmmədov bildirdi ki, çəkiliş prosesində dahi müğənninin həyat yolu və yaradıcılığı onu heyrətləndirib. Milyonlarla insan Rəşid Behbudovun istedadının pərəstişkarı olubbu gün də belədir: “Belə görkəmli sənətkara həsr olunan filmin rejissoru olmaq mənim üçün böyük şərəfdir. Film ən son texnologiyalar əsasında lentə alınıb. Həmçinin Hollivudda çalışan həmkarlarımızın texniki cəhətdən köməyindən istifadə edilib”.

   Daha sonra “Nəğmə dolu bir ürəyəm” filmi nümayiş olundu.

   Film müğənninin ifasında səslənən məşhur “Bakı” mahnısının sədaları ilə paytaxtımızın keçmişinə dair təsvirlərlə başlayır, sonra şəhərimizin müasir görüntülərinə də yer verilir. Müğənninin nəvəsi Rəşid, qızı Rəşidə və həyat yoldaşı Ceyran xanımın dilindən xatirələri təqdim olunur. Film boyu R.Behbudovun həyat və yaradıcılığında mühüm hadisələrin tarixçəsi ilə tanış olmaq imkanı qazanırıq. Filmdə ulu öndər Heydər Əliyevin görkəmli sənətkar haqqında düşüncələri maraq doğurur. Ekran əsərində həmçinin Xalq yazıçısı Anar, Xalq rəssamı Tahir Salahov, Xalq artisti Arif Məlikov, uzun illər müğənni ilə birlikdə çalışan, hazırda Moskvada yaşayan pianoçu Akif Abdullayev və digər sənət adamlarının fikirləri də yer alıb.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 9 may.- S.8.