“Azərbaycan qəzəli” kitabının təqdimatı

 

   Müasir ədəbi tənqidin tanınmış simalarından biri olan Vaqif Yusiflinin son qırx ilin ədəbi prosesində, tənqid və ədəbiyyatşünaslığında, elmi mühitində özünəməxsus yerirolu var.

   Bu fikir mayın 4-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda filologiya elmləri doktoru, bu il 70 yaşını qeyd edən Vaqif Yusiflinin “Azərbaycan qəzəli” kitabının təqdimat mərasimində səsləndirilib.

   AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Vaqif Yusiflinin “Azərbaycan qəzəli” monoqrafik tədqiqatı onun sönmək bilməyən Füzuli sevdasından doğub. Vurğulanıb ki, “Azərbaycan qəzəli” kitabı müstəqillik dövrü ədəbiyyatşünaslıq elmimizdə qəzəl janrının tarixinə və poetikasına həsr olunmuş ilk sanballı elmi araşdırma kimi mühüm əhəmiyyətə malikdir. Kitabda Azərbaycan qəzəlinin mənşəyi, inkişaf mərhələləri və yaradıcıları haqqında tədqiqat əsas yer tutur.

   İnstitutun ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Elnarə Akimova “Azərbaycan ədəbi tənqidində Vaqif Yusifli obrazı” mövzusunda məruzə ilə çıxış edib.

   Filologiya elmləri doktorları Qəzənfər Paşayev, Əlizadə Əsgərli, Zaman Əsgərli, Vüqar Əhməd, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, şair Oqtay Rza və başqaları çıxış edərək alimin ədəbi tənqid sahəsində zəngin yaradıcılığından, “Azərbaycan qəzəli” kitabının müsbət məziyyətlərindən danışıblar.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.10.