Bölgələrdə ənənəvi kitab bayramları

 

   Ağdaş rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş X Kitab bayramı təşkil edilib. Heydər Əliyev parkında keçirilən tədbirə Ağdaş Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Göyçay, Zərdab və Ucar rayonlarının mədəniyyət işçiləri də qatılıblar.

   Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev, rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev ümummilli liderin həyat və fəaliyyətindən danışıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə kitabxana işinin inkişaf etdirildiyini, kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırıldığını qeyd ediblər.

   Tədbirdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin birinci turunda fərqlənənlərə Regional mədəniyyət idarəsinin fəxri fərmanları təqdim edilib.

   * * *

   Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon MKS tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Kitab bayramı keçirilib.

   Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Orucov, Regional mədəniyyət idarəsinin Qazax rayonu üzrə məsləhətçisi Valeh Vəliyev, yazarlar, mədəniyyət və təhsil işçiləri, məktəblilər iştirak ediblər.

   MKS-nin direktoru Solmaz Babanlı tədbiri açıq elan etdikdən sonra RİH nümayəndəsi Məhəmməd Orucov çıxış edib. O, kitab bayramı münasibətilə iştirakçıları təbrik edib, kitabın insan həyatında rolundan danışıb.

   Sehrli dünyauşaq jurnalının baş redaktoru Gülzar İbrahimova şeirlərini oxuyub və gətirdiyi kitab və jurnalları fəal oxuculara təqdim edib. Tədbirdə şairə Afət Telmanqızının “Məni özümdən soruş” adlı kitabının təqdimatı da keçirilib.

   Mədəniyyət mərkəzinin “Göyəzən” ansamblı, “Qönçə” rəqs qrupunun, şəhər 2 saylı Uşaq musiqi məktəbinin saz sinfi şagirdlərinin ifası tədbir iştirakçılarına xoş anlar yaşadıb.

   * * *

   Salyan rayon Mərkəzi kitabxanasında da ənənəvi kitab bayramı keçirilib. Tədbirdə 300 kitab, dövri mətbu nəşrlər sərgilənib. Kitab bayramına mədəniyyət işçiləri, ziyalılar, Qulu Əsgərov adına Uşaq musiqi məktəbinin müəllim və şagirdləri, Uşaq gənclər inkişaf mərkəzinin yetirmələri, orta məktəb şagirdləri qatılıblar.

   Rayon MKS-nin direktoru Səidə Əliyeva və digər çıxış edənlər kitab və mütaliənin əhəmiyyətindən bəhs ediblər. Uşaqlar ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər. Rəsm qalereyasının tərtib etdiyi sərgi də maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.11.