Unudulmaz filmi Vaşinqtonda təqdim edilib

 

Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə mərasim keçirilib.

Mərasimdə çıxış edən səfir Elin Süleymanov əvvəlcə xalqımızın ümummilli lideri haqqında xatirələrini bölüşüb, Heydər Əliyevin Azərbaycanla ABŞ arasında münasibətlərin genişlənməsi möhkəmlənməsi istiqamətində gördüyü işlərdən bəhs edib.

Mərasimdə Lider televiziyası tərəfindən ərsəyə gətirilən Unudulmaz filminin təqdimatı keçirilib. Bu, ulu öndər Heydər Əliyevin ABŞ-ın Klivlend klinikasında müalicə aldığı dövrü işıqlandıran sənədli filmdir. Təqdimatda diplomatik korpus, ictimaiyyət nümayəndələri, həmyerlilərimiz, media təmsilçiləri iştirak ediblər.

Filmin özəlliyi onun Heydər Əliyev barəsində geniş auditoriyaya məlum olmayan, bir çox qürurverici, duyğulandırıcı xatirələri canlandırmasıdır. Ekran əsərinin ssenari ideya müəllifi, jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevdir.

O çıxış edərək bildirib ki, filmin ABŞ-da təqdim olunması böyük əhəmiyyət kəsb edir. E.Niftəliyev ABŞ-la Azərbaycan arasında uğurlu əməkdaşlığın, strateji əlaqələrin təməlinin məhz ulu öndər tərəfindən qoyulmasından, onun ömrünün son dövrünün burada, Amerika Birləşmiş Ştatlarında keçməsindən bəhs edib.

Səfir Elin Süleymanov öz növbəsində Heydər Əliyevin Klivlend klinikasında müalicə aldığı zamanlarda qədər güclü vətənə bağlı bir insan olmasının bir daha şəxsən şahidi olduğunu bildirib.

ABŞ-ın aparıcı həkimlərinin milli liderlə bağlı xatirələrinin əks olunduğu ekran əsərində, çox qiymətli nadir arxiv kadrlarından da istifadə edilib. Ekran əsəri Heydər Əliyev irsinin araşdırılmasında yeni səhifə, dəyərli videomaterialdır. Xatırladaq ki, Unudulmaz sənədli filminin təqdimat mərasimləri bundan öncə Bakıda, Özbəkistanın paytaxtı Daşkənddə gerçəkləşib. ABŞ-dan sonra filmin təqdimatının Türkiyənin paytaxtı Ankarada keçirilməsi nəzərdə tutulur.

Mədəniyyət.- 2018.- 11 may.- S.9.