Məktəbli və tələbələrin əl işlərinin sərgisi

 

 

   Səbail rayonunun mərkəzindəki “Sahil bağı”nda xalqımızın “Heydər Əliyev və Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib.

   Rayonun orta məktəblərində təhsil alan 200-dən çox şagird, ali məktəblərin tələbələri, 100-dən çox gənc rəssam ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın portretlərini, həmçinin doğma Azərbaycanın müxtəlif guşələrini, gözəl mənzərə və gül kompozisiyalarını əks etdirən rəsmlər çəkiblər. Tanınmış rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsmlərin çəkilişində məsləhətlər veriblər.

   Parkda gənc rəssamların çəkdikləri rəsmlərdən ibarət sərgi də nümayiş etdirilib. Sərgi tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb.

   Rayon musiqi məktəblərinin ansamblları, solistləri, rəqqasları konsert proqramları ilə çıxış ediblər. Məktəblilərin iştirakı ilə müxtəlif fləşmoblar keçirilib.

   Qaliblər Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri ilə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar isə sertifikatlarla mükafatlandırılıblar.

 

Mədəniyyət.- 2018.- 11 may.- S.3.