Tarixi keçmişimizə məhəbbətlə

 

   Xalq Cümhuriyyətinin fəaliyyəti təsviri sənətdə

   

   Yüz il əvvəl xalqımızın əldə etdiyi müstəqilliyin - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 23 aylıq mövcudluğunun uzun illər ərzində kölgədə qalması, onun fəaliyyətinin qapalı bir mövzuya çevrilməsi, heç şübhəsiz, ölkəmizi işğal etmiş kommunist-bolşevik rejiminin əsl xislətinin göstəricisi idi. Yalnız ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan ictimaiyyəti müxtəlif yollarla AXC və onun liderləri barəsində müəyyən informasiya əldə edə bildilər.

   1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa etməsi gizli arxivlərin açılmasına, bizə iki ilə yaxın müddətdə azadlığın nə olduğunu dadızdıranlar haqqında bir-birindən maraqlı məlumatlarla tanış olmağa şərait yaratdı. Bu informasiya bolluğu həm də təsviri sənət ustalarına işıqlı əməlləri ilə adlarını tarixə yazdırmış soydaşlarımıza bədii münasibət göstərmək üçün yaradıcılıq imkanı verdi. Bunun sayəsində onlar Cümhuriyyətin qısamüddətli fəaliyyətinə bədii güzgü tuta bildilər.

   Rəngkarlıq sahəsində yaradılan əsərlər arasında həm süjetli kompozisiyalar, həm də portretlər çoxluq təşkil edir. Dünyasını vaxtsız dəyişmiş gənc rəssam Ceyhun Həmzəyevin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında diplom işi olaraq ərsəyə gətirdiyi “Cümhuriyyət” tablosu tamaşaçısını xəyalən ilk respublikanın yaranmasının elan olunduğu məkana qaytarır. Yaşıl örtüklü masa ətrafında xalqımızın yeni tarixini yaradanlar, bir qədər aralıda isə bu unudulmaz ana şahidlik edən əqidə dostları təsvir olunublar. Baş verən məqamın gərginliyini inandırıcı cizgilərlə ifadə edən rəssam tarixi əhəmiyyəti birmənalı olan hadisəyə yaddaqalan bədii tutum verməyə nail olub...

   Mərhum fırça ustası Arif Məmmədovun çəkdiyi “Cümhuriyyət liderlərinin Gəncədə qarşılanması” əsərində isə müstəqilliyin elan olunmasından sonra Bakıda fəaliyyət göstərməsi mümkün olmayan AXC hökumətinin Nizami yurduna gəlişi təsvir olunub. Qədim Gəncənin fonunda görüntüyə gətirilən Cümhuriyyət liderlərinin və onları sevinclə qarşılayan yerli əhalinin görüşü rəssam tərəfindən duyulası reallıqla işlənib. Bu da tamaşaçıya adları əbədiyyətə qovuşmuş tarixi şəxsiyyətləri tanımağa imkan verir...

   Tanınmış fırça ustası Faiq Abdullayevin çəkdiyi tablo da Gəncə ilə bağlıdır. Amma burada xilaskar Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi təsvir olunub. Bu ordunun cəsur komandirlərdən birini - Nuru paşanı at belində qədim şəhərin küçəsində görüntüyə gətirən rəssam istiqlalımızın müdafiəsində əvəzsiz xidmətləri olan bu cəsur şəxsin və onun silahdaşlarının xatirəsinə ehtiramını ifadə edib...

   Çoxfiqurlu kompozisiyadan ibarət olan digər bir tabloda - “Nuru paşa” rəngkarlıq əsərində də cəsur komandirin obrazı canlandırılıb. Bu tarixi janrlı lövhəni gənc rəssam Bəxtiyar Yusibov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında diplom işi olaraq çəkib. Qafqaz İslam Ordusunun liderlərindən birini bəyaz at belində təsvir edən fırça ustası, onu qorxmaz əsgərlərinin təsviri ilə əhatələndirməklə, dinamikliyi cəlbedici olan yaddaqalan əsər yarada bildiyini sərgiləyib.

   Xalq rəssamı Oqtay Sadıqzadə, Əməkdar incəsənət xadimi Eyyub Məmmədov və Əməkdar rəssam Rais Rəsulzadənin çəkdikləri rəngkarlıq tablolarında AXC-nin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin obrazı canlandırılıb. Bu portretlərdə zamanında səsləndirdiyi “Bir kərə yüksələn bayraq bir daha enməz” çağırışı dillər əzbəri olan M.Ə.Rəsulzadənin yüksək bədii-estetik məziyyətli surəti yaradılıb...

   Tanınmış tişə ustalarının yaradıcılığında da bu obrazın forma-biçimplastika rəngarəngliyi ilə diqqətçəkən obrazları mövcuddur. Xalq rəssamı, akademik Ömər EldarovCavanşir Dadaşovun yaratdıqları kompozisiyalar bu qəbildəndir.

   Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının təşəbbüsü ilə 2014-cü ildə keçirilən “Əsrlər-nəsillər” adlı müsabiqə-sərgi nəticəsində də şərəfli keçmişimizin yaradıcılarını tərənnüm edən maraqlı rəngkarlıq, heykəltəraşlıq, qrafika və tətbiqi sənət nümunələri ərsəyə gətirilib. Bu mənada heykəltəraşlardan Xalq rəssamı Xanlar Əhmədov, Əməkdar rəssam Arif Qazıyev, Azad Əliyev və Nəriman Məmmədovun, qrafiklərdən Xalq rəssamı Arif Hüseynovun, Əməkdar rəssam Teymur Rzayevin, qobelen ustası Adil Şıxəliyevin və başqalarının adlarını çəkmək olar. Onların müxtəlif janrlı əsərlərində üçrəngli bayrağımızın ideya müəllifi Əli bəy Hüseynzadə, generallar Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov (tablo, heykəl və qrafika), Zivər bəy Əhmədbəyov (heykəl), Fətəli xan Xoyski (heykəl), bəstəkar Üzeyir Hacıbəyli və Əhməd Cavadın (heykəl) özünəməxsus bədii tutuma malik olan obrazları ilə qarşılaşmaq mümkündür.

   Fətəli xan Xoyskinin Tiflisdə (müəllifi Azad Əliyev), Əli bəy Hüseynzadənin Salyanda (müəllifi Nəriman Məmmədov), Zivər bəy Əhmədbəyovun Bakıda (müəllifi Natiq Əliyev), Məhəmməd Əmin Rəsulzadənin Novxanıda (müəllifi Cavanşir Dadaşov) ucaldılmış abidələrində obrazların yüksək mənəvi-psixoloji keyfiyyətlərinə yaddaqalan plastik həll verildiyindən onların hər biri yerləşdikləri məkanların dominantına çevrilən estetik qaynaq kimi qəbul olunurlar.

   İstedadlı tişə ustası Azad Əliyevin yaratdığı “Üzeyir Hacıbəyli və Əhməd Cavad” kompozisiyası isə forma-biçiminə və daşıdığı yüksək estetik məziyyətlərinə görə müasir Azərbaycan heykəltəraşlığında yeni söz kimi dəyərləndirilməyə layiqdir. İkifiqurlu abidədə - bəstəkarı royal arxasında, şairi isə ayaq üstə - şeir oxuyan vəziyyətdə təsvir edən A.Əliyev, sözün əsl mənasında milli himnimizin müəlliflərinə layiqli abidə yaratmağa nal olmuşdur. 2010-cu ildə Şəmkirdəki İstiqlal parkında ucaldılmış bu abidə ölkə başçısı İlham Əliyev tərəfindən də yüksək dəyərləndirilmişdir.

   Bu günlərdə də təsviri və tətbiqi sənət ustalarımız Cümhuriyyət mövzusuna müraciət etməkdədirlər. Sənətsevərlər həmin yeni əsərlərlə yubiley günlərində təşkil olunacaq əhatəli bədii sərgidə tanış olacaqlar.

  

   Ziyadxan Əliyev

   Əməkdar incəsənət xadimi, “Sənətşünaslığın təbliği” İctimai Birliyinin sədri

   Mədəniyyət.- 2018.- 11 may.- S.13.