Dövlət Rəssamlıq Akademiyasında elmi konfrans

Mayın 10-da Dövlət Rəssamlıq Akademiyasında (ADRA) müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən Azərbaycan və azərbaycanlılar mövzusunda elmi konfrans keçirilib.

ADRA-nın rektoru, akademik Ömər Eldarov ulu öndərin mədəniyyətin, incəsənətin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb. Bildirilib ki, Rəssamlıq Akademiyası görkəmli dövlət xadimi Heydər Əliyevin xüsusi tapşırığı və 2000-ci il 13 iyun tarixli fərmanı ilə yaradılıb.

Sonra Heydər Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisi kimi, Milli mədəniyyətimizin təəssübkeşi, Milli sərvətlərimizin qorunmasında Heydər Əliyevin rolu, Azərbaycan təsviri sənətində Heydər Əliyev obrazı və digər mövzularda məruzələr dinlənilib.

Konfrans çərçivəsində ADRA-nın Muzey-sərgi kompleksində tələbələrin yaradıcılıq işlərindən ibarət sərgi açılıb. Sərgidə ümummilli liderin, Azərbaycanın görkəmli şəxsiyyətlərinin portretləri, ölkəmizin təbiəti, tarixi abidələri, dünəni və bu gününü təsvir edən sənət nümunələri yer alıb.

Mayın 18-dək davam edəcək sərgidə 200-dən çox əl işi nümayiş olunur.

 

Mədəniyyət.- 2018.- 11 may.- S.5.