Ulu öndərin xatirəsi teatrlarda anılıb

 

   Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə “Heydər Əliyev dərsi” adlı tədbir keçirilib.

   Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev çıxış edərək Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən, onun incəsənətimizə, o cümlədən teatr sənətinə xüsusi diqqət və qayğısından söz açıb.

   Milli Məclisin deputatı Jalə Əliyeva ulu öndərin həyat və fəaliyyətindən bəhs edib. Vurğulayıb ki, o, millətimizin imzasını əzmlə və yorulmadan tanıtmağı bacaran əsl vətənpərvər idi.

   Teatrın aktyorları - xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Əməkdar artist Əkbər Əlizadə, aktrisa Ülviyyə Əliyeva çıxış edərək Heydər Əliyev dühasının böyüklüyündən, onun mədəniyyət və incəsənət xadimlərini daim himayə etməsindən danışıblar.

   * * *

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Heydər Əliyev - mədəniyyətimizin hamisi” adlı tədbir keçirilib. Əvvəlcə Heydər Əliyevin teatr sənəti ilə bağlı fikirlərini və sənət adamları ilə görüşlərini əks etdirən videoçarx nümayiş olunub.

   Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə teatrın inkişafı üçün yaradılan şəraitdən, onun sənət adamlarına diqqət və qayğısından söhbət açıb. Daha sonra Əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Bəhram Osmanov, Xalq artisti, rejissor Vaqif Əsədov, Xalq artisti Yasin Qarayev və digər aktyorlar çıxış ediblər.

   Vurğulanıb ki, ümummilli lider mədəniyyət ocaqlarının açılış mərasimlərində, müxtəlif teatr tamaşalarının premyerasında iştirak edir, aktyorların problemləri ilə maraqlanırdı. Bütün bunlar teatr kollektivlərini yeni yaradıcılıq istiqamətlərinə ruhlandırırdı.

  

   Mədəniyyət.- 2018.- 11 may.- S.8.