Teatr Muzeyinin fotosərgiləri

 

 

   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən sərgilər tərtib edilib.

   Mayın 7-də muzey Respublika İncəsənət Gimnaziyasında keçirilən konsert proqramına dahi liderin Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğını əks etdirən “Mədəniyyətimizin keşiyində” adlı səyyar fotosərgi ilə qatılıb. Sərgidə dahi şəxsiyyətin teatr tamaşalarında iştirakını, yaradıcı heyətlə görüşlərini, sənət adamlarını təltif etməsini əks etdirən fotolar yer alıb.

   Mayın 10-da isə sərgi muzeyin ekspozisiyasında qurulub. Muzeyə gələnlərə sərgi ilə bərabər böyük şəxsiyyətin siyasi fəaliyyətini əks etdirən videoçarx da nümayiş etdirilib.

   Bununla yanaşı, 12-19 may tarixində Şəkidə keçiriləcək III Beynəlxalq Teatr Festivalında Teatr Muzeyi tərəfindən hazırlanmış səyyar fotosərgi nümayiş olunacaq. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, Azərbaycan peşəkar teatrının 145 illiyinə həsr olunmuş bu sərgidə də tarixi dönəmlərlə yanaşı, ulu öndərin teatra bəslədiyi maraq və qayğını əks etdirən kadrlar təqdim olunacaq.

   Mədəniyyət.- 2018.- 11 may.- S.8.