Zülfüqar Hacıbəyovun bir neçə əlyazması haqqında

 

 

   XX əsrin ilk onilliklərində Bakının musiqi həyatı o dövrün təlatümlü ictimai-siyasi həyatı kimi zəngin və maraqlı olmuşdur. Bu dövr musiqisinin mühüm tarixi xüsusiyyətləri xalq musiqisinin geniş təbliği - Şərq konsertləri adlandırılan böyük konsertlərin təşkili, milli operanın yaranması, qrammofon vallarının yazılması oldu. “Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşaya qoyulması Azərbaycanın musiqi həyatına xüsusi bir yenilik gətirdi. Üzeyir bəylə yanaşı onun qardaşı Zülfüqar Hacıbəyov Azərbaycan musiqili teatrının yaranması uğrunda çalışırdı. Onun müstəqil bəstəkarlıq fəaliyyətinin ilk təcrübələri də həmin dövrlə bağlıdır: “Əlli yaşında cavan” (1910), “Evliykən subay” (1911), “On bir yaşında gəlin” və ya “Varlı” operettaları, “Aşıq Qərib” (1915), “Üç aşiq”, bir sıra kütləvi mahnılar və s. Z.Hacıbəyovun AMEA-nın M.Füzuli adına Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivi ilə tanışlıq zamanı digər musiqili komediyaların librettosumusiqi qeydləri ilə də rastlaşdıq. Bu əsərlər mətbuat səhifələrində işıqlandırılmamışdır. Bunlar: “Onda elə, indi belə”, “Yarış”, “Biçarə Xavər”, “Məşədi Xudu” operettaları, “Mən ağlaram, o gülər” komediyası, “Məlikməmməd”, “Nüşabə” operaları və s. əsərlərdir.

   Musiqili komediya, opera librettosu, musiqi qeydləri ilə yanaşı bəstəkarın bir neçə məqaləsi də arxivdə saxlanılır. Onların arasında diqqətimizi “Musiqi dərsliyi” adlı məqalə cəlb etdi. Z.Hacıbəyov bu məqalədə teatr mədəniyyətinin inkişafından, Şərq mühitində milli səhnəmizin tərəqqisindən bəhs edir, həmçinin buna mane olan bir neçə səbəbə toxunur. Əlyazmalar İnstitutunda bəstəkarın şəxsi fondunda Azərbaycan dilində ərəb əlifbası ilə yazılmış “Teatrmusiqi”, həmçinin dövri mətbuatda dərc olunmuş məqalələri də diqqətimizi cəlb etdi. Əlyazma materialındakı məqalələr bir neçə variantda qələmə alınıb: “Türk səhnəsi”, “Teatrmusiqi haqqında” adlı əlyazmalar, zənnimizcə, “Teatrmusiqimiz” adlı əlyazmanın ilkin variantıdır. Məqaləni diqqətlə oxuyub nəzərdən keçirdikdə, onun həcm baxımından kiçik olmasına baxmayaraq, bir sıra maraqlı mülahizələrlə rastlaşırıq. Burada ilk növbədə Şərq aləmində ilk addım olan muğam operalarının və musiqili komediyaların mütərəqqi əhəmiyyəti vurğulanır. Bu əsərlərin “ümumşərq mühitində milli səhnəmizin canlandırılmasında roluqeyd olunur. Z.Hacıbəyov çox haqlı olaraq göstərir ki, operalar dram əsərləri ilə rəqabətdə onları üstələyərək, nəfis bədii tərtibatı ilə fərqlənmişdir. Azərbaycan operasında diqqəti çəkən bir məqam kimi dram aktyorlarının opera tamaşalarında iştirakı bu iki sənət arasında üzvi vəhdət yaratmışdır.

   Əlyazmalardan ikisini nəzərinizə çatdırırıq.

  

  

   Teatromusiqimiz

  

   Hər bir tərəqqipərvər millətin mədəniyyətini isbat edən vəzifələrdən birio millətin milli musiqi və ədəbiyyatının olması zəruridir. Bu sırada Şura Azərbaycanı başqa millətlərdən və onların ümummədəni tərəqqisində geri qalmamışdır. Azərbaycanda Şərq aləmində ilk addım ataraqLeyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah AbbasXurşidbanu”, “O olmasın, bu olsun”, “Ər və arvad”, “Əlli yaşında cavan”, “Üç aşiq”, “Harun ər-Rəşid” kimi operaoperettalar yaranmışdır. Deməli, mədəni-tərəqqi və sənayenin inkişafı əsrimizin ən ali müvəffəqiyyətli sayılan operaları öz nəfis və bədii tərtibatı ilə ümumşərq mühitində milli səhnəmizin canlandırılması və bərpa edilməsinə səbəb olmuşdur.

   Belə ki, bu operalar meydana çıxarkən “Şeyx Sənan”, “İblis” və qeyrilərinin mövzu və məzmunca teatr xadimlərinin arasında şöhrət qazanmış ədəbi dramların “rəqabət” mənasında yaradılmasına bir vasitə olmuşdur. Dram aktyorlarının operada iştirak etməsinə və yaxud opera aktyorlarının dramada iştirakına lüzum bilinmişdir, halbuki opera mövsümü teatr mövsümünün axırınadək davam etdirilmir, mayın 1-də bağlı olurdu. Bu da teatroyamusiqi gedişinə bir zərbə vururdu. Əgər opera mövsümünün ömrü belə az olsa idi, o vaxt opera mövsümü açmaq qətiyyən lazım deyildiyaxud elə dram mövsümü ilə başlayıb, bununla da bitirmək daha düz olardı. Çünki opera pərəstişkarları buraxılan afişaları oxuyub, opera mövsümündə nəinki köhnə, hətta bir neçə təzə operaların tamaşaya qoyulmasında və iştirakında vaxtından qabaq hazırlanırdılar.

   Təəssüflər olsun ki, tamaşaçılar nəinki təzə operaları görməyə, bəlkə də köhnə əsərlərin mövsümün axırınadək oynanılmasından belə məyus qalırdılar. Burasını qeyd etməliyik ki, Bakı əhalisi, xüsusən fəhlə sinfi 1908-ci ildən bəri, yəni ilk dəfə olaraqLeyli və Məcnun” adlı Azərbaycan operası meydana çıxandan başlayaraq opera tamaşası ilə maraqlanır, tamaşalarda iştirak edirdilər. Əlbəttə, bu zövqü, daha doğrusu bədii zövqü həmin opera pərəstişkarlarının əlindən almaq yersiz olardı. Çünki ilk Azərbaycan operası səhnəyə qoyularkən Nikolay istibdadı dövründə bəslənmiş, böyümüş, tərbiyələnmiş və milli hissini unutmuş bəzi Azərbaycan ziyalıları bu cür başlanğıca təhqiranə nəzər ilə baxmağa başladılar. Amma, əksinə olaraq, həmin fəhlə kütləsi tərəqqi səylərini başa düşürbunu səmim-qəlblə qarşılayıb, milli operaları görüb və eşitmək üçün böyük həvəslə, izdiham ilə teatro tərəfə axışmağa başladılar. Hətta çarşab altında yaşayan ailə üzvlərini də mədəniyyətin müəyyən bir hissəsini təşkil edən tamaşalara götürməyə başladılar.

   Deməli, Azərbaycan operası get-gedə el operası səviyyəsinə qalxdı və ümumi Azərbaycan miqyasında kəndli və fəhlə kütlələrini teatroya cəlb etməyə imkan yaratdı. Təbiidir ki, kütlənin öz musiqisi ilə tərtib olunmuş bir əsər kütlə üçün bədii zövq verəcəkdir. Çünki, bu cür milli başlanğıc başqa millətlər arasında artıq, eləcə də yayılmaqda idi. Bu baxımdan opera musiqisinin maddi vəziyyətini nəzərə almayıb, məhz mənəvi həyatına opera pərəstişkarlarının tərbiyəvi istirahətini və yaxşılaşmasını qoruyub, opera mövsümünü başa vurması idi.

  

   Musiqi və ədəbiyyat” (1921)

  

   Bu tamamlanmamış məqalədə Şərq musiqisinin bir sıra xüsusiyyətlərindən söz açılır. Məqalənin əvvəlində musiqidə üsul və bəhrdən bəhs olunur. Sonra Şərq aləmində ən çox işlənən muğamların adları sadalanır: Rast, Rəhavi, Hicaz, Mahur, Hümayun, Nişapuri-nəva, Bayatı-kürdi, Şüştər, Çahargah, Hüseyni, Arazbarı, Şahnazs. Bu muğamların İran, Ərəbistanda və başqa şərq ölkələrində milliləşdirilməsi qeyd olunur.

   Z.Hacıbəyov yazır ki, Osmanlı “Rast”ı heç bir vaxt İran “Rast”ına oxşamaz. Həmçinin Ərəbistan “Hicaz”ı Osmanlı və iranlı “Hicaz”ına bənzəməz. Məqalə müəllifi muğamların milliləşməsində şivə və ləhcənin rolunu qeyd edir. Nümunə olaraq Azərbaycan və İran “Çahargah”ının müqayisə zamanı bir-birinə oxşamadığı vurğulanır.

   Məqalədə Azərbaycanın özünəməxsus muğamları kimi bunlar qeyd olunur: “Qarabağ şikəstəsi”, “Sarı torpaq” (Şamaxı) kəsməsi, “Çoban bayatısı”, “Mirzə Hüseyn segahı”, “Orta segah”, “Xaric segah”.

   Məqalənin sonunda muğam ifasında önəmli rol oynayan tar alətindən bəhs olunur. İran və Azərbaycan tarları müqayisə edilir. Müəllif yazır ki, İran tarının səsi bizimkindən incə olduğuna görə mis mizrabla çalınır. Azərbaycan tarında “nəğmənin hüsnü (yəni gözəlliyi) üçün kök simlər və tellər” əlavə edilmişdir.

   Z.Hacıbəyovun əldə etdiyimiz bu məqaləsi yarımçıq olub, sonda müəllifin soyadı (Z.Hacıbəyov) və mötərizədə “bitmədi” sözü qeyd edilmişdir.

   Belə güman edirik ki, Z.Hacıbəyov bu məqaləni daha geniş miqyasda işləmək fikrində olmuş, müəyyən səbəblər üzündən məqalə yarımçıq qalmışdır.

  

   Fidan Nəsirova

   Musiqişünas

 

Mədəniyyət.- 2018.- 11 may.- S.15.