Aşıq Azər Xanlaroğlu dünyasını dəyişib

 

 Azər Məhərrəmov 1983-cü il aprelin 27-də Tovuz şəhərində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Xanlar Məhərrəmovun ailəsində dünyaya gəlib. Gözünü açandan evdə saz görən, sazın laylası ilə böyüyən Azər hələ kiçik yaşlarından bu sənətə böyük maraq göstərib, tez zamanda istedadı ilə yaşıdlarından seçilib, bənzərsiz ifası ilə bir daha sübut edib ki, ustad oğlu şəyird olmaz. Qısa müddətdə istedadlı solo-saz ifaçısı kimi Azərbaycanda məşhurlaşıb, sorağı ölkəmizin hüdudlarını aşıb.

   Bir çox müsabiqələrin qalibi və laureatı olan Azər Xanlaroğlu son onillikdə ölkəmizdə keçirilən aşıq festivalları və digər rəsmi tədbirlərdəki uğurlu çıxışları ilə geniş tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanıb, dəfələrlə Azərbaycan aşıq sənətini xaricdə, o cümlədən UNESCO səviyyəsində keçirilən tədbirlərdə layiqincə təmsil edib.

   Azər Xanlaroğlu 2008-ci ildən eyni zamanda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi. Gənc aşıqlar arasında bənzərsiz ifası ilə seçilirdi.

   Gənc yaşlarından ustadlıq səviyyəsinə yüksələn, Türkiyədə, İranda, Gürcüstanda və digər ölkələrdə də tanınıb sevilən Azər Xanlaroğlunun həyatdan vaxtsız köçməsi aşıq sənəti üçün böyük itkidir.

   Azər Xanlaroğlunun əziz xatirəsi onu tanıyanların, yaxınlarının və doğmalarının, bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaq.

   Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2018.- 16 may.- S.11.