Ədəbiyyatşünas alimin yubileyi qeyd olunub

 

 

Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış tənqidçi, ədəbiyyatşünas alim Vaqif Yusiflinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

   AYB-nin sədri, Xalq yazıçısı Anar Vaqif Yusiflinin yaradıcılıq yolundan, çoxşaxəli fəaliyyətindən söz açıb, onun gənclər üçün bir örnək olduğunu söyləyib. Bildirib ki, V.Yusiflinin yubiley tədbirinin daha böyük zallarda keçirilməsi təklif olunsa da, yubilyar özü təvazökarlıqla buna razı olmayıb. Bu da onun xarakterindəki sadəlikdən irəli gəlir. AYB adından yubilyara hədiyyə və diplom təqdim edilib.

   Xalq şairi Fikrət Qoca, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, “Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə, yazıçı-dramaturq Elçin Hüseynbəyli, “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, şairlər Firuzə Məmmədli, Məmməd Oruc, Qəşəm Nəcəfzadə və başqaları V.Yusiflinin Azərbaycan ədəbi mühitində rolundan söz açıb, ona yubiley münasibətilə təbriklərini çatdıraraq yaradıcılıq uğurları arzulayıblar.

   Sonda yubilyar çıxış edərək ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2018.- 16 may.- S.14.