Həmişə bizimlə olan bayram

 

 

 Artıq onuncu ildir ki, may ayında respublikamızın şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş ənənəvi kitab bayramları keçirilir. Bu il də bölgələrdə kitab bayramları rəngarəng tədbirlər - sərgilər, ədəbi-bədii kompozisiyalar, konsert proqramları ilə müşayiət olunur.

  

   ***

   Abşeron rayon Mərkəzi kitabxanasının qarşısında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş kitab bayramı təşkil edilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə baş məsləhətçisi İlham Manafov, rayon MKS-nin direktoru, AYB-nin üzvü, şair Məlahət Yusifqızı, “Xarı bülbül” ədəbi məclisinin sədri Aybəniz Qafarlı və digər çıxış edənlər kitabın cəmiyyətdə, insan həyatında rolundan söz açıblar. Tədbir iştirakçıları kitab sərgiləri ilə tanış olublar. Aşıq-şair Azər Fəmayıloğlunun ifaları, səslənən şeir və musiqilər tədbirə rəng qatıb.

   ***

   Kürdəmir rayonunun “Qələbə” mədəniyyət və istirahət parkında keçirilən 10-cu kitab bayramında rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, ziyalılar, yerli yazarlar, məktəbli və gənclər iştirak edib. Kitab bayramında müxtəlif başlıqlar altında təqdim edilən kitab sərgiləri ilə yanaşı məşhur Şilyan xalçalarının və eləcə də rayonun el sənətkarlarının əl işlərinin nümayişiböyük maraqla qarşılanıb.

   Tədbir çərçivəsində yerli yazarların imza günü keçirilib, onlar kitablarını rayon Mərkəzi kitabxanasına hədiyyə ediblər. Kitab bayramında “İlin ən fəal oxucuları” və “Kitabxananın ictimai həyatında fəal iştirakına görə” nominasiyaları üzrə təşəkkürnamələr təqdim edilib.

   ***

   Ağstafa rayon MKS-nin keçirdiyi kitab bayramına rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, mədəniyyət və təhsil işçiləri qatılıb. 1 saylı məktəbin şagirdləri və 2 saylı bağçanın fidanlarının bir-birindən rəngarəng ifaları tədbirə rövnəq verib. Kitab bayramında müxtəlif başlıqlarda sərgilər nümayiş etdirilib. Şairə Tərlan Elçinqızının “Ürəyimə dəyməyin” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə fəal iştirak edən uşaqlara təşəkkürnamə təqdim olunub.

   ***

   Bərdə Regional Mədəniyyət İdarəsi nümayəndəliyinin tabeliyindəki Yevlax şəhər Mərkəzi kitabxanasının qarşısında təşkil olunmuş bayram tədbirində MKS-nin direktoru Vüsalə Məmmədova, regional idarənin Yevlax şəhər nümayəndəliyi üzrə baş məsləhətçisi Rafiq Məmmədov kitabsevərləri təbrik ediblər. Diqqətə çatdırılıb ki, regional idarə tərəfindən mütaliənin təbliği məqsədilə “açıq kitabxana”, “Book cafe" (kitabxana-çay evi) kimi layihələr həyata keçirilir.

   ***

   Zərdab rayon MKS-nin Heydər parkında keçirdiyi kitab bayramında rəngarəng guşə və sərgilər təşkil olunub. “Mənim uşaq dünyam” adlı guşədə uşaq ədəbiyyatı, uşaqların işləri nümayiş etdirilib. Zərdablı yazar Səbuhi Qasımovun Azərbaycanın ərazi bütövlüyü uğrunda keçən, əlil və şəhid olan, əsir və itkin düşən bütün vətəndaşlarımızın əziz xatirəsinə həsr etdiyi “Fədailər” kitabının təqdimatı olub.

   ***

   Sabirabad Regional Mədəniyyət İdarəsinin, Sabirabad MKS-nin birgə təşkilatçılığı ilə keçirilən kitab bayramında 1500-ə yaxın kitab sərgilənib.

   Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, o dövrün ziyalılarından bəhs edən kitabensiklopediyalar xüsusilə marağa səbəb olub. Həmçinin bu il yubileyləri qeyd olunan ədiblər, görkəmli incəsənət xadimləri haqqında nəşrlər nümayiş olunub.

   ***

   Goranboy MKS rayon İcra Hakimiyyəti ilə birgə Heydər Əliyev parkında ənənəvi kitab bayramı keçirib. İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, rayon ziyalıları, yerli yazarlar, mədəniyyət işçiləri, məktəblərin müəllim və şagird kollektivlərinin, N saylı hərbi hissənin əsgər və zabitlərinin qatıldığı tədbirdə kitablarla yanaşı həvəskar rəssamların əsərləri də sərgilənib. Gənclərin rəqsləri, səslənən mahnı və şeirlər iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

 

Mədəniyyət.- 2018.- 16 may.- S.6.