Görkəmli bəstəkar Qara Qarayevin xatirəsi anılıb

 

 

Mayın 13-də Azərbaycanın böyük bəstəkarı, görkəmli pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı Qara Qarayevin (1918-1982) vəfatının ildönümündə Fəxri xiyabandakı məzarı ziyarət olunub.

  

   Anım mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının kollektivi, musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Qara Qarayevin həyat və yaradıcılığından, dahi sənətkarın Azərbaycan mədəniyyət tarixində xidmətlərindən, dünya musiqi xəzinəsinə töhfələrindən söz açıb. Vurğulanıb ki, Qara Qarayev musiqi sənətimizin incilərini yaratmaqla yanaşı, neçə-neçə istedadlı musiqiçi nəsli yetişdirib.

   Diqqətə çatdırılıb ki, dahi bəstəkarın anadan olmasının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar ölkə başçısının imzaladığı müvafiq sərəncama əsasən ölkəmizdə və xaricdə müxtəlif tədbirlər, konsert proqramları keçirilir.

   Sonra Qara Qarayevin tələbələri olmuş əməkdar incəsənət xadimləri - professor Elnarə Dadaşova, musiqişünas Nərgiz Şəfiyeva və Azərbaycan Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov xatirələrini bölüşüblər. Qeyd olunub ki, Qara Qarayev Azərbaycan peşəkar musiqi sənətinin inkişafına böyük töhfə verən dahi bəstəkardır.

   Tədbir iştirakçıları, həmçinin Fəxri xiyabanda Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov, Vasif Adıgözəlov, habelə baba Müslüm Maqomayev və nəvə Müslüm Maqomayevin məzarları önünə güllər düzüblər.

 

Mədəniyyət.- 2018.- 16 may.- S.11.