“Sərhədsiz teatr” qitələri birləşdirir

 

Mayın 12-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı başlanıb.

  

   “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.

   Mayın 19-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, İran (iki kollektiv), Gürcüstan, Kolumbiya və Rusiyanın (Tatarıstan və Şimali Osetiya) tanınmış teatrları iştirak edirlər.

   Festival iki istiqamət üzrə - milli və beynəlxalq mərhələdə keçirilir. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatrı mayın 12-dən 18-dək bölgələrdə tamaşalar nümayiş etdirəcək. Bölgə tamaşaçıları respublikanın aparıcı teatr kollektivlərinin hazırladığı maraqlı səhnə əsərlərini izləmək imkanı qazanacaqlar.

   Beynəlxalq proqram çərçivəsində tamaşalar mayın 12-dən 17-dək Şəki şəhərində, bir tamaşa Lənkəranda, iki tamaşa isə mayın 18-19-da Bakıda oynanılacaq.

   Festivalın təntənəli açılış mərasimində təşkilatçı qurumların rəsmiləri, teatr və incəsənət xadimləri, qonaqlar, həmçinin yerli sənətsevərlər iştirak ediblər.

   Mərasimdən əvvəl festival iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhər İcra Hakimiyyətinin binası qarşısındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

   Sonra iştirakçılar Şəki Dövlət Dram Teatrının foyesində Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgi ilə tanış olublar.

   Açılış mərasimində çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov belə bir mötəbər teatr bayramının Şəkidə keçirilməsinə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə şəhər sakinləri, teatrsevərlər adından minnətdarlığını bildirib. Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki artıq festivallar şəhərinə çevrilib. Hər il burada beynəlxalq miqyaslı müxtəlif festivallar keçirilir.

   Qeyd olunub ki, Şəkidə teatr sənətinin tarixi ənənələri var. 1879-cu ildə burada ilk dəfə Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası tamaşaya qoyulub. 1933-1950-ci illərdə Şəkidə fasilələrlə Dövlət Dram Teatrı, 1959-1975-ci illərdə isə Xalq teatrı fəaliyyət göstərib. 1975-ci ildən fəaliyyət göstərən və öz dəst-xətti ilə seçilən Şəki Dövlət Dram Teatrının səhnəsində Azərbaycan dramaturqları ilə yanaşı, dünya klassiklərinin də əsərləri tamaşaya qoyulub. “Hesab edirəm ki, III Şəki Beynəlxalq Teatr Festivalı şəhərimizin mədəni həyatında mühüm hadisəyə çevriləcək”, - deyə E.Usubov bildirib.

   Mədəniyyət nazirinin müavini Ədalət Vəliyev mərasimdə çıxış edərək, 145 illik tarixi olan Azərbaycan teatrının keçdiyi şərəfli yola qısa nəzər salıb, son illər teatrlarımızın qazandığı uğurlardan danışıb.

   Diqqətə çatdırılıb ki, üçüncü dəfə keçirilən və teatr ənənələrimizdən birinə çevrilən Şəki festivalına maraq həddən artıq böyükdür və müxtəlif ölkələrdən ümumilikdə 60-dan çox müraciət daxil olmuşdu. Nazir müavini sənət bayramı münasibətilə iştirakçı kollektivləri və tamaşaçıları təbrik edib.

   Açılış mərasimindən sonra tamaşaçılar İranın “Titovak” teatrı kollektivinin U.ŞekspirinMaqbet” faciəsi əsasında hazırladığı “Maqbet-Zar” əsərinə tamaşa ediblər.

   Tamaşadan sonra teatrın yaradıcı kollektivinə Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 16 may.- S.8.