Gənc kamança ifaçılarının II Respublika müsabiqəsinə yekun vuruldu

 

 

   Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində Habil Əliyev adına gənc kamança ifaçılarının II Respublika müsabiqəsinin yekun konserti keçirildi.

   Müsabiqə ötən il kamança alətinin hazırlanması və ifaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinə həsr olunub.

   Tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək dövlətimizin mədəniyyət və incəsənətə göstərdiyi qayğıdan danışdı.

   Bildirdi ki, tədbir ölkəmizdə bu il qeyd edilən iki mühüm hadisəyə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində mədəni irsimiz dünyada tanınır və təbliğ olunur. Bu qayğının nəticəsidir ki, aşıq sənəti, muğam, tar, kamança UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

   Qeyd olundu ki, müsabiqənin keçirilməsində məqsəd kamança ifaçılığının təbliği, respublikada kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi, habelə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.

   Müsabiqədə 3 yaş qrupu üzrə respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərindən, musiqihumanitar kolleclərdən, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasından, Bülbül adına orta ixtisas Musiqi məktəbindən şagird və tələbələr iştirak edib. Bu ilin aprel ayında müsabiqənin I turu regional mədəniyyət idarələri üzrə yerlərdə, II turu isə Bakı şəhərində keçirilib.

   Diqqətə çatdırıldı ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Arif Əsədullayevin sədrlik etdiyi, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti 100-dən çox gənc kamança ifaçısının çıxışını qiymətləndirib. Münsiflər heyətinin qərarına əsasən, müxtəlif şəhərlərin, rayonların uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri müsabiqənin diplomlarına, fəxri fərmanlarına və hədiyyələrə layiq görülüblər. Müəllimlərin, konsertmeysterlərin də əməyi qiymətləndirilib və onlar fəxri fərmanlarla təltif olunublar.

   Sonra qaliblərə mükafatlar təqdim olundu. Tədbir konsert proqramı ilə davam etdi.

  

   Fariz

 

Mədəniyyət.- 2018.- 18 may.- S.2.