Vətənin gözəllikləri rəsm əsərlərində

 

 “Etüddən gəlirəm" adlı sərgi-təqdimat keçirilib

  

   Mayın 17-də Xətai Sənət Mərkəzində rəssamların Qusar rayonunda gerçəkləşən etüd plenerinə həsr olunmuş "Etüddən gəlirəm" adlı sərgi-təqdimat keçirilib.

   "Vətənin tərənnümü" silsiləsindən plener Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində reallaşıb.

   Plener zamanı 36 rəssamın ərsəyə gətirdiyi 80-ə yaxın rəsm nümayiş olunub.

   Sərgi-təqdimatı Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq layihə haqqında məlumat verib.

   Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xalq rəssamı Qəyyur Yunus və rəssam Rafael Əlizadə çıxış edərək plenerin əhəmiyyətindən söz açıb, təqdim olunan əsərlər haqqında fikirlərini bölüşüblər.

   Bildirilib ki, layihə rəssamlara doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu-düşüncələrini rəsm əsərlərində əks etdirmək bacarıqlarını təkmilləşdirmək, onların yaradıcılıq imkanlarını genişləndirmək məqsədi daşıyır.

   Bu qəbildən tədbirlərin bundan sonra da davam edəcəyi diqqətə çatdırılıb.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.3.