"Ədibin evi"ndə ulu öndərin xatirəsinə həsr olunmuş ədəbi-musiqili gecə

 

Tədbiri açan Əməkdar artist Nərgiz Cəlilova Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin 20 il bu evdə yaşayıb-yaratdığını diqqətə çatdırıb. Vurğulayıb ki, yaradıcılıq ruhu ilə zəngin olan bu evin hər bir guşəsi bu gün ulu öndərin şərəfli ömür yolunun nuru ilə yenidən işıqlanıb.

Qeyd olunub ki, dünya pəncərəsindən saysız-hesabsız insan boylanıb keçir. Yalnız Heydər Əliyev kimi son dərəcə əzmkar, mübariz insanlar bütün çətinliklərdən mərd-mərdanə, qalib çıxır və adı ilə tarix yazır.

Mərasimdə "Heydər Əliyev və incəsənət" adlı film nümayiş etdirilib. Filmdə ümummilli liderin Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, Azərbaycan musiqisinə, ədəbiyyatına həssas münasibətini əks etdirən kadrlar yer alıb.

Daha sonra musiqili-ədəbi proqram təqdim edilib. Respublika İncəsənət Gimnaziyasının, Müslüm Maqomayev adına Uşaq musiqi məktəbi şagirdlərinin ifasında Azərbaycan şairlərinin şeirləri, bəstəkar xalq mahnıları təqdim olunub.

Leyla Bəşirova "Zərifə sevgisi - Heydər sevinci" (Zəlimxan Yaqub), beynəlxalq müsabiqələr laureatı Kənan Babazadə "Ana" (Sevil Əliyeva) "Elegiya" (Müslüm Maqomayev), Ayla Qafqazlı "Sevgili canan" "Sənsiz" (Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə yazdığı romanslar), respublika beynəlxalq müsabiqələr laureatı Səma Həmzəyeva "Sənə qalmaz" (Tofiq Quliyev), Fikrət Əliyev "Küçələrə su səpmişəm" (xalq mahnısı) "Leyla" (Rauf Hacıyev), Canəli Canəliyev "Ayağa dur, Azərbaycan" (Məmməd Araz) əsərlərini səsləndiriblər.

Mərasimin maraqlı məqamlarından biri isə Leyla Əliyevanın babasına həsr etdiyi şeirlərini söyləməsi olub. Tədbir Süleyman Mahmudovun ifasında "Azərbaycan" mahnısı (Müslüm Maqomayev) ilə başa çatıb.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.3.