Xaçmazda sənətkarların əl işlərinin sərgisi

 

 

 Xaçmaz Regional Mədəniyyət İdarəsi regionda dekorativ-tətbiqi sənət növləri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət sərgilərin təşkilinə başlayıb. Ümummilli lider Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbirlərin keçirilməsində əsas məqsəd sənət növlərinin inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsidir.

   Mayın 17-də Xaçmaz Dövlət Rəsm Qalereyasında təşkil edilən ilk sərgidə metal üzərində bədii döymə ustası Zeydulla Ağayevin əl işləri nümayiş olunub.

   Tədbiri giriş sözü ilə açan idarənin rəisi Nazim Ağayev regionda dekorativ-tətbiqi sənət növünün yaşadılması və inkişafı məqsədilə xüsusi layihə hazırlandığını deyib. Bildirib ki, gələcəkdə sənətkarların əl işlərinin sərgi-satış mərkəzlərinin təşkili də nəzərdə tutulur. Həmçinin müxtəlif sənət növləri üzrə dərnəklərin yaradılmasının vacibliyi qeyd edilib.

   Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlhamə Nəzərova belə sərgilərin keçirilməsinin sənətkarların fəaliyyətinə xüsusi təkan verəcəyini deyib.

   Sonra Zeydulla Ağayevə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyə təqdim edilib. Sərgiyə baxış keçirilib.

   Belə sərgilərin Quba, Qusar, Şabran və Siyəzən rayonlarında da təşkili nəzərdə tutulub.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.5.