Molla Nəsrəddin öz külfəti ilə "Sərhədsiz teatr"da

 

 

   “Sərhədsiz teatr" festivalının yerli iştirakçılarından Azərbaycan Dövlət Musiqili Teatrı mayın 16-da Sumqayıt şəhərində qonaq oldu. Kollektiv festivala özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" tamaşası ilə qatılıb.

   Tamaşanın nümayişindən əvvəl Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov səhnəyə çıxaraq salona toplaşanları salamladı, onlara "Sərhədsiz teatr" festivalı və sumqayıtlıların qonaqları barədə məlumat verdi.

   "Molla Nəsrəddinin beş arvadı" tamaşası ötən mövsümün sonundan Musiqili Teatrın repertuarındadır. Pyesi Azərbaycan dilinə yazıçı-dramaturq Dilsuz çevirib. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

   Molla Nəsrəddin lətifələrinin və bu baməzə obraza yaraşa biləcək əhvalatların cəm olunduğu komediya əsərində sarayda ehtiyatsızlıq edib ağzından çıxardığı bir ifadənin üstündə şah tərəfindən ayrıca eveyni zamanda 4 arvadla evlənməklə "mükafatlandırılan" baş qəhrəman gülünc vəziyyətlərlə üzləşir. Yeni arvadlar Molla Nəsrəddinin otuz illik həyat yoldaşı Fatma ilə əlbir olaraq ona tövbələtmə verirlər.

   Tamaşada əməkdar artistlər Əkbər Əlizadə və Nahidə Orucova, aktyorlar Mehriban Zalıyeva, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Ağaxan Şərifov və başqaları çıxış edirdilər.

   Alqış və gülüş səsləri ilə müşayiət olunan tamaşadan sonra kollektivə festivalın fəxri diplomu təqdim edildi.

   G.Mirməmməd

 

Mədəniyyət.- 2018.- 18 may.-S.8.