“Son iclas" filmi istiqlal fədailərinə həsr olunub

 

 

   Bakı Media Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Son iclas" adlı bədii-sənədli film üzərində işlər davam edir.

   Filmin 28 May - Respublika Günü ərəfəsində geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulub. Film Heydər Əliyev Fondunun dəstəyi, BP Azərbaycan şirkətinin sponsorluğu ilə ərsəyə gətirilir.

   Ssenari müəllifi Müsəllim Həsənov bildirib ki, film bədii-sənədli üslubda hazırlanır. Ekran əsərinin adını da ehtiva edən əsas səhnə, yəni son iclas AXC Parlamentinin son iclasının (27 aprel 1920-ci il) keçirildiyi, indiki AMEA Əlyazmalar İnstitutunun yerləşdiyi binada çəkilir. Çəkilişlər paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə aparılıb. Ssenari uzun illər araşdırılmamış ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb.

   Filmin rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənlidir.

   Film ehtiva etdiyi epizodlar baxımından Bakı Media Mərkəzinin digər tarixi ekran əsərləri kimi qismən az öyrənilmiş, qaranlıq qalan tarixi hadisələri əks etdirir. Cümhuriyyət qurucularının istiqlal düşmənlərinə, işğalçılara, onların havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər ümidsiz mübarizəsinin bədii boyalarla əks olunduğu "Son iclas" filmi Respublika Günü münasibətilə kinosevərlərə hədiyyə olacaq.

   Bakı Media Mərkəzinin bu günə qədər ərsəyə gətirdiyi "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu", "Əbədi ezamiyyət", "Bir günəş altında" filmləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 18 may.-S.12.