Yaponiyada Azərbaycan xalçaçılığına maraq

 

 

   “Azərxalça" Açıq Səhmdar Cəmiyyətində (ASC) Yaponiyanın "Xalça qalereyası" şirkətinin təsisçisi Katsumi Okumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

   Qurumun İdarə heyətinin sədri Vidadi Muradov qonaqlara Azərbaycan xalçaları, ölkəmizin xalçaçılıq ənənələri, qədim naxışlarımız barədə məlumat verib, son illər xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. 2016-2017-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında 10 xalçaçılıq emalatxanası istifadəyə verilib. Hazırda daha 10 bölgədə xalça emalatxanasının yaradılması davam etdirilir.

   Katsumi Okuma təsisçisi olduğu şirkətin fəaliyyəti, Azərbaycana səfərlərinin məqsədi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu şirkət 30 ildir Şərq ölkələrindən Yaponiyaya xalça idxal edir. Əvvəllər yalnız xalça satışı ilə məşğul olan şirkət sonralar Şərq ölkələrindən alınan xalçaların daha yaxşı təqdimatı üçün araşdırmalar aparmağa, kitablar nəşr etdirməyə başlayıb. Hazırda Böyük İpək Yolu üzərində yerləşən tarixi xalçaçılıq mərkəzlərini araşdıran şirkət həm də yeni nəşrlər hazırlayır.

   "Azərxalça"nın Quba filialı ilə tanış olduqlarını, Azərbaycan xalçalarına heyran qaldıqlarını deyən qonaq yeni nəşrlərdə ölkəmizdə xalçaçılıq sənətinə geniş yer ayıracaqlarını bildirib: "Biz Azərbaycan xalçalarının Yaponiyada satışının təşkil olunmasında maraqlıyıq. Şirkətimiz dünyanın müxtəlif ölkələrindən Yaponiyaya xalça idxal edir. Burada toxunan xalçalarla tanış olarkən gördük ki, orijinal Azərbaycan xalçalarının tayı-bərabəri yoxdur. Bu xalçalar həm naxış elementlərinə, həm rəng koloritinə, həm də orijinallığına görə seçilir. Azərbaycan xalçalarını Yaponiya bazarına çıxarsaq, onun daha çox alıcısı olacağına inanırıq".

   Görüşdə "Azərxalça" ilə Yaponiyanın "Xalça qalereyası" şirkəti arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə edilib.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.11.