“Vətən yanğılı, millət qanlı Qantəmir”

 

 

Bu sözləri 48 il öncə “qədim" sovet universitetimizdə - çox azsaylı milli müəllimlərimizin birindən eşitmişəm...

  

   O ADU (BDU) müəllimləri bu qəbil ifadələri auditoriyalarda mühazirə dəftərlərimizə yox, çöl-bayırlarda yaddaşımıza yazdırırdılar. Məsələn, "Mirzə Cəlilin "Anamın kitabı" əsəri bu xalq üçün tamamilə milli-mənəvi bir manifestdir" (M.Cəlal), "Araz suları bu xalqı ikiyə bölmüş imzaların çirkabını və buna laqeyd qalmaqda olan bizlərin günahını yuyub qurtara bilməyəcək" (B.Vahabzadə), "Azərbaycanın Rusiya tərkibinə könüllü birləşməsi" deyimi o işğalın özündən də ağır səslənmirmi, ay "uşaq"lar?!" (Ş.Hüseynov) və s.

   Bu xeyli ağrılı xatirələrin gözünə bir məzəlisini də qoşum. Dövrün canlı universiteti Əli Fəhmi öz unikal mühazirələrinə əlavə etdiyi "ağnağaz" söhbətlərinin birində qayıtdı ki; "Siz bu millətin böyük isimlərini satmış sifətləri balaca adamlar hesab etməyin. Onların fəaliyyətləri nəticəsində neçə-neçə sürgünlər, zirzəmilər, türmələr şərəfləniblər! Onlarla qarşılaşanda gülümsünərək salamlaşın, yasları düşəndə "Allah Cavidə, Müşfiqə, Cavada, Qantəmirə... rəhmət eləsin" kimi sözlər işlədin. Necə ki, mən elələrilə hər söhbətimin sonunda deyirəm "atam-anam sizə süvar olsun..."

   

   Başlıqdakı sözləri -

  

   ovaxtlar qulaqlarımızda daha poetik, gənc ürəklərimizdə daha vətənpərvəri əks-sədalanan ifadələrisə, günlərin bir günü, yeri behiştlik Abbas Zamanov dedi bizə. Auditoriyada "şəklənmiş qulaqlar"dan qısdıqlarınısa dəhlizdə başına yığışan etibarlılara söylədi: "Bu xalqın jurnalistləri, mirzələri olacaqsız. İndilər yaza bilmədiklərinizi yaddaşınıza həkk edin. Hər gecənin bir gündüzü olduğu kimi, hər yasağın, hər xətanın da, əzəl-axır, bir xitamı olur. Bizim dərslik və auditoriyalarda çox azına toxunduğumuz ədəbi-bədii, ictimai-siyasi həqiqətlərin çoxusu arxivlərdə, sandıqlarda, getdikcə azalan şahidlərin xatirələrində yatır. İmkan olduqca, o faktları "oyadın". Şəxsi həyatlarından, vətənə xidmətdən nakam getmiş böyük ziyalılarımızı, ədiblərimizi heç olmasa dost-tanışlarınıza, xalqın namuslu zümrələrinə tanıdın. Məsələn, Vətən yanğılı, millət qanlı Qantəmir! Bunun özü də onların ruhuna bir dua olar..."

  

   Və illər keçdikcə -

  

   həmin cansız-canlı ünvanlarda uyudulan o (həm də, təsəvvürümüzdəkilərdən qat-qat çox!) həqiqətləri gördük, eşitdik və şükürlər ki, milli istiqlalımız hesabına onları oxumaq imkanı da əldə etdik.

   Görüb-eşidib-oxuduqlarımızdan bunu da bildik ki, ovaxtlar bizə tədris edilən şəxsiyyətlər o əsrin ikinci yarısınadək hər cür işgəncələr yaşamış Vətən yollu, milli namuslu soydaşlarımızın yalnız bir qismi imiş. Hətta totalitar sovet ideologiyasının belə xalqın qəlbindən çıxara, inkar edə bilmədiyi nəhənglərmiş! Məsələn, H.Cavid, M.Müşfiq, Ə.Cavad və... sanki siyasi "37" əzrayılını öncədən fəhm edib, səmaviyə can verməyi "intixab" edən C.Cabbarlı...

   Bu həddən ziyadə güclü, qarşısıalınmaz milliləri Azərbaycan sovet ədəbiyyatı mütəxəssisləri həm də ona görə "nəzər-diqqətə" almaya (təlim-tədris planlarına salmaya) bilməzdilər ki, onların sırf sənət ("bitərəf") əsərlərinin şirəsi olmadan, yeni ideologiyanın qurutmaqda olduğu sovet ədəbiyyatı dəyirmanı yekrəng "proletar suyu" ilə çox da işləyə bilməzdi...

   Lakin, "formaca milli (?!) məzmunca sosialist" devizli o ədəbiyyatın tədris yönəticiləri neçə-neçə Vətənçi, qəlbindən-qələminə Cümhuriyyətçi ədiblərimizin bir qismini uzun illər "və başqaları" kateqoriyasına salmağa, digər dəstəsinisə tamamilə uyudub-unutdurmağa çalışdılar.

   Bu məqamda, o çağların dərsliklərindəki xəyali "boşluq"larda - həmin o "üçrəngli"sevərlər haqda yazılmayan oçerklərin yerində daha genişliklə təbliğ-təqdir edilən sovet şairlərimizin oraq-çəkicli bayraqdarının iki misrasını xatırlatmaq gərək: "Tarix lokomotiv, Zamansa qatar, Qatarı lokomotiv çəkib-aparar"...

   Bu acılı-şirinli (və bir qədər labirintal) xatiratlar ardınca, daha yalnız büsbütün bu yazımın qəhrəmanı - uzun illər repressiya küllükləri altında közərə-közərə qalmış sənətkarlarımızdan biri olan alovlu publisist-yazıçı, görkəmli maarif xadimi, tələbələrindən birinin xatirəsinə "Qantəmir müəllim dərsləri sadəcə olaraq danışmır, həm də yaşayırdı" kəlmələrilə düşmüş pedaqoq Qantəmir - Qafur Sədrəddin oğlu Əfəndiyev barədə.

   

   Olumundan-ölümünə

   Vətən sevdalı...

  

   Öncədən qeyd edək ki, rəsmi və ədəbi-xatirəvi mənbələrdə cürbəcür tənqidlər, izlənmələr, işgəncələr hədəfi, növbənöv peşələr, bir-birindən maraqlı əsərlər müəllifi kimi təsvir-təfsir edilən bu ədib çoxsaylı xalqların xatirə və dəftər-kitablarına çoxçeşidli cəza və işgəncələr müəllifi kimi düşmüş sovet rejimi repressiyasının sürgün qurbanı olub.

   1888-ci ildə Göyçayın Potu kəndində doğulub. İlk təhsilini dövrünün say-seçmə ziyalı və "az-çox uyduran" şairlərindən olan atasının müəllim işlədiyi mədrəsədə alıb, klassik şairləri, Şərq ədəbiyyatı ustadlarını müntəzəm mütaliə edib, sənət-elm aləminə dərindən bələd olmağa çalışıb.

   Oğlunun bu cəhdini dəstəkləyən ata onu əsrin əvvəlində Göyçaya gətirib, "mahalın böyük biləndəri" kimi tanınan İbrahim Həqqinin yeni üsullu məktəbinə qoyur. Bundan sonrakı elm-irfan yollarını, tezliklə "Qantəmir" imzası ilə tanınası Qafur özü gedir. 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlayır. 1911-də Türkiyəyə gedib İstanbul Universitetinə daxil olur, ilk yaradıcılıq nümunələrini burada qələmə almağa başlayır və elə "Qantəmir" imzasını da Türkiyə mühitindəykən götürür. Yeri gəlmişkən qeyd edim ki, yeni istiqlalımıza qədəmimizdən sonrakı tənqidimiz onu oxuculara: "Hüseyn Caviddən sonra Azərbaycan ədəbiyyatı və mühitinə İstanbul ruzigarı gətirənlərdən biri məhz unudulmazsevimli yazıçımız Qantəmir olmuşdur" kimi qənaətlə də təqdim edib.

   Universitetdən məzunluğu ardınca pedaqoji fəaliyyətini "İqbal" məktəbində davam etdirən Qantəmir bir müddət sonra "Nəşri-maarif" cəmiyyətinin Qubada açdığı məktəbə müdir vəzifəsinə dəvət edilib.

   Müəllim işlədiyi dövrlərdə A.Səhhət, M.Ə.Sabir kimi məşhurlarla görüşləri bu istedadlı (və hələ içindəki ədiblikdən bixəbər) gənci yaxın gələcəyin qüvvətli qələm sahibi kimiyetişdirirmiş; o, uzun müddət "Möcüzəvi Sabir məstliyi"ndən çıxa bilməyəcək, hətta dostları ilə söhbətlərin birində öz "sənətkarlıq imkanlarının nədən poeziyada deyil, məhz nəsrdə alındığına" təəssüflənəcək. Lakin ədəbi tənqidimizin bu "avtotəəssüf"ün təkzibi kimi səslənən növbəti bir qənaəti: "Bu yazıçı öz adını, hərtərəfli maneə və ideoloji basqılara baxmayaraq, ədəbiyyatımızda əsasən satirik hekayələr ustası kimi əbədi həkk etdirmişdir".

   Sovet hakimiyyətinin Azərbaycana gəlişinə və hər şeyə (öz ifadəsilə: "hətta şəxsi fikir-xəyala belə") müdaxilə etməyə başlayanadək maarifçilik - "ortaali məktəb uşaqlarından Vətən böyükləri yetişdirmək" arzusu ilə yaşayan bu vətənpərvər bir ara tamam ruhdan düşür. Hətta "dərslərin də siyasi laborator-analizlərə məruz qaldığını" görüb, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirərək, bir müddət "hər şeydə biçarə xalq"a "əlləri qızıl, nəfsi gümüş stomatoloq" dəyərilə xidmət edir.

   Göyçayda müəllim hazırlığı üçün qısamüddətli pedaqoji kurslar təşkili işindən sonra Bakıda Ali Pedaqoji İnstitut nəzdində təşkil edilmiş Abdulla Şaiq adına nümunə məktəbində direktor vəzifəsinə çağırılan bu böyük ziyalı-ədib az keçmiş "yorulmaz danosbazlar" əlindən paytaxtı yenidən tərk etməli olur. 1937-də hər gün, hər an başı üstündə repressiya ab-havası ilə tovlanan "Damokl qılıncı"nın işarətilə Ağsu rayonuna köçüb, diş həkimi işləməyə başlayır. Ancaq heç iki il keçməmiş həbsə alınıb, Orta Asiyaya sürgün edilir. Müharibənin top-tüfəng atəşlərindən oqədər də fərqlənməyən sosial-psixoloji gərginliklərə, qeyri-insani münasibətlərə dözməyən bu zərif qəlbli ziyalı 1944-cü ilin mayında, 56 yaşında ikən dünyasını dəyişir...

   Bəs bütün bu mənəvi, psixoloji, "hüquq"i zədə-zərbələr nəyə görə imiş? Hə, daha yalnız həmin səbəbləri doğuran məsələlərdən. Yəni -

  

   Yaradıcılığından…

  

   Ədəbi fəaliyyətinin ən qızğın və məhsuldar çağları qırmızı sovet ordusunun Azərbaycan mədəniyyəti və mənəviyyatını daha böyük bolşevik əzmilə əzdiyi dövrə təsadüf edən Qantəmir xəyalında qurduğu irfaniyyət hədəfinə çata bilməyib. Sağlığında dünyanın cürbəcür qaranlıq üzlərini görməli olmuş bu ədibin üç kitabı - "Ağıl dəryası" (1930), "Şarlatan" (1934), "Kolxozustan" (1935) işıq üzü görüb. Dördüncüsünün çapı ərəfəsində (25-30 il öncə qocaman bir sovet naşirindən eşitdiyimə görə) M.C.Bağırova çatdırırlar ki, Qantəmirin satirik hekayələrindən qan damır, o isə üzdə tövrünü pozmadan deyir: "Tezliklə bu qan onun yaşadığı kommunal damın damından damar..."

   Beləliklə, həmin kitab ədibin vəfatının 20-ci ildönümündə - 1964-də "Seçilmiş hekayələr" adı altında çap edilir.

   Vurğulamalıyıq ki, bu ədibin satirik hekayələrində ustad Mirzə Cəlil üslubunun, qabil nümayəndələrindən biriözünün olduğu məhəkdaş "Molla Nəsrəddin" ədəbi məktəbinin təsiri çox aydınlıqla hiss edilir.

   Həm də "snayper-publisist" kimi ad çıxarmış bu ədibin dövri mətbu yazılarını (məsələn, 1918-ci il mart soyqırımı ilə bağlı: "Belə barbarlığı bəşəriyyət heç daş dövründə də görməyib. Ermənilər insan donuna bürünmüş vəhşilərdir. Vəhşidən sağ qurtarmağın yeganə yolu isə onu məhv etməkdir!", yaxud: "Bizim əsas məqsədimiz Azərbaycanın müstəqilliyinin qorunmasıdır. Bu müstəqillik asan alınmayıb, tökülən şəhid qanları hesabına başa gəlib" və s.) həcm hacəti təəssüfü ilə bir qırağa qoyub, hekayələrindən nümunələri (özü də şərhi-müdaxiləsiz) təqdim edirəm.

  

   “BUĞDA QURUSU"ndan:

  

   "Adam da var, adam da. Kiminin dili var, qələmi yoxdur, kimininsə qələmi var, dili yoxdur. kiminin dili var, qələmi. Bu cür adama bizlərdə kənd ağsaqqalı deyərlər. Alim məclisində, üləma yığıncağında ağsaqqal dinməz, danışmaz, qulaq asar. Qeyriləri ona baxar, danışmaz. Bəs necə, - böyük var, kiçik var, alim var, üləma var, axund var... ölkə sahibsiz deyil ki? Bəlkə sahibsizdir?.."

  

   “DƏFATİRATİ-ÜZVİYYƏ"dən:

  

   "22-ci ildən bəri firqəçi (partiyaçı - red.) olduğu halda... hamı ona "komsomol Məhəmməd Cəfər" deyir. O, bütün məna-məzmunu ilə ziyalı bir firqəçidir... Bizlərdə belə bir məsəl var: "Əməlisaleh olan övlad dayısına oxşar". Məhəmməd Cəfər rəhmətlik dayısı Hacı Səttar bəyə oxşayır. Amma məncə, "komsomol Məhəmməd" dayısından bir az qabağa gedib. Çünki deyilənə görə, fağır Hacı Səttarın danışdığı sözlərin cəmi-cümlətanı yüzdə doxsan beş hissəsi yalanmış..."

  

   “YENİ SMETA"dan:

   

   "Müzakirənin lüzumu? Burada cəmiyyətin interesini gözləmək lazım. Bu təklif əlverişlidir; cənazə çox ucuz başa gələr. Bir elan bir dəstə gül, vəssalam. Muzıka istəməz, çoxdanın müəllimidir, hər halda məktəblərdən biri bunu boynuna çəkəcəkdir. Kastyum naminə bir köynək ilə bir boyun bağı kifayətdir. Aşağı hissəsini qara örtüklə örtmək olar. Bu surətlə çəkmələrinin yamağı da görünməz...

   Şairlərdən biri sözə qatıldı:

   - Məncə, köhnə kastyum yamaqlı batinka ilə qəbiristanlığa yazıçı göndərmək oradakı ölülərdən ayıbdır...

   - Səhv edirsiniz, yoldaş! Bu yoldaşınkı oradakıların kastyumundan təzə olacaq, Müsamirəyə-zada getsəydi, təklifiniz nəzərə alınardı..."

  

    nəhayət, bütöv bir dövrün - sovetlər zəmanəsinin tragisimfoniyası kimi səslənən -

  

   “VƏSİYYƏT"dən:

  

   "...Uşaqlar, namazımı xəlvət qıldırın. Amma özümü muzıka ilə dəfn edin. Bunun sizə faydası olar. ...Ağlımı itirməmişəm, bu vəsiyyətləri edirkən huşum yerindədir. Əgər siz qardaşlardan biri tutulsa, qalanlarınız familiyanızı elə dəyişdirin ki, qardaş olduğunuz bilinməsin. ...Tinlərdə danışılan sözlərə qulaq verməyin... Düz on il olur ki, Azərbaycan şuralaşıbdır. Əgər dağılsaydı, indiyə qədər dağılardı... Amma onu da bilin ki, əbədi heçyoxdur..."

  

   "Cümhuriyyət nakamlarımız"dan biri olan bu böyük soydaşımızdan gətirdiyim bədii nümunələr içrə ən sona təsadüf edən və vəfatından 74 il sonra reallaşan "əbədi heçyoxdur" atmacasının müəllifinə qəni-qəni rəhmət...

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2018.- 23 may.- S.13.