Müəlliflərin energetikasını özlərində yaşadan rəsmlər

 Beynəlxalq muzeylər günündə "Andeqraund. Yeni həyat" adlı sərgi açıldı

  

   Mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq muzeylər günü çərçivəsində "Andeqraund. Yeni həyat" adlı sərginin açılış mərasimi keçirildi.

   Mərasimdə çıxış edən Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev sərgi haqqında məlumat verdi. Bildirdi ki, sərgidə keçən əsrin 50-80-ci illərində böyük məhdudiyyətlərlə qarşılaşan və sovet dövrünün rəsmən qəbul edilmiş ideoloji "xətti" ilə üst-üstə düşməyən Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Muradov, Qorxmaz Əfəndiyev, Nazim Rəhmanov kimi rəssamların işləri nümayiş olunur.

   Qeyd edildi ki, XX əsrin 20-30-cu illərində doğulan bu rəssamlar doğma torpağa, milli incəsənətə müraciət etməklə öz dəst-xətlərini yaradıblar. Mövcud ideologiyanın qəbul etmədiyi sənətkarlar çətinliklər içində yaradıcılıqlarını davam etdirir, bəzən boya almağa pul tapmır, çıxış yolu kimi təbiətdəki vasitələrdən - yosun, balıqqulağından və s. istifadə edirdilər. Vurğulandı ki, təqdim olunan əsərlərin bir neçəsi ilk dəfə sərgilənir.

   Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında Beynəlxalq muzeylər günü münasibətilə təşkil olunan sərginin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu əlamətdar gün ölkəmizdə geniş qeyd edilir, müxtəlif tədbirlər keçirilir, muzeylər öz qapılarını ödənişsiz olaraq ziyarətçilərin üzünə açır.

   Sərgidə nümayiş olunan əsərlər haqqında danışan Sevda Məmmədəliyeva bildirdi ki, bu rəssamların əsərləri təsvir olunan səhnələrin yüksək emosionallığı ilə fərqlənir: "İllər sonra bu əsərlər geniş ictimaiyyət arasına çıxdı. Təəssüf ki, rəssamlar bu günü görə bilmədilər. Lakin parlaq və özünəməxsus əsərlər öz yaradıcılarının iz və energetikasını özlərində daşıyır".

   Qonaqlar daha sonra sərgi ilə tanış oldular.

 

Mədəniyyət.- 2018.- 23 may.- S.9.