Muzeylərdə musiqili-tamaşalı tədbirlər

 

 

   Mayın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Beynəlxalq muzeylər günü münasibətilə tədbir keçirilib. Tədbir maestronun adını daşıyan 22 nömrəli Uşaq musiqi məktəbinin iştirakı ilə reallaşıb.

   Muzeyin direktoru Rza Bayramov çıxış edərək Beynəlxalq muzeylər günü haqqında qonaqlara məlumat verib. Sonra muzeyin bir sıra çap məhsulları musiqi məktəbinə hədiyyə olunub.

   Tədbir musiqi məktəbinin şagird və müəllimlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam edib.

   * * *

   Mayın 19-da isə Beynəlxalq muzeylər günü münasibətilə Abdulla Şaiqin mənzil-muzeyində ədibin "Tıq-tıq xanım" mənzum nağılı əsasında kukla tamaşası göstərilib. Musiqi tərtibatı, rəngli personajlar, uşaqların zövqünə uyğun bəzədilmiş səhnə qonaqlar tərəfindən maraqla qarşılanıb.

   İki dəfə nümayiş olunan tamaşanı Yasamal rayonu 150, Xətai rayonu 58 saylı orta məktəblərin aşağı sinif şagirdləri, Heydər Əliyev adına lisey, Fikrət Tağıyev adına 72 saylı məktəb-lisey, Xırdalan şəhər 9 saylı ərəb təmayüllü orta məktəb və 166 saylı Körpələr evinin uşaqları izləyiblər. Uşaqlar üçün muzeyin ekspozisiyasına ekskursiya təşkil edilib.

 

Mədəniyyət.- 2018.- 23 may.- S.8.