Fransa ilə mədəni əlaqələrin inkişafı müzakirə olunub

 

 

Bu ilin sonunadək Azərbaycan və Fransa arasında mədəni əməkdaşlıq sahəsində bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. Bu barədə mayın 18-də mədəniyyət naziri Əbülfəs Qarayevin Fransanın ölkəmizdəki səfiri Aurelia Buşez ilə görüşündə fikir mübadiləsi aparılıb.

  

   Azərbaycan Xalça Muzeyində keçirilən görüşdə iki ölkə arasında mədəni əlaqələrin perspektivlərindən, yeni layihələrdən söhbət açılıb.

   Səfir Aurelia Buşez ölkəsinin bu əlaqələrin inkişafına böyük önəm verdiyini, bu istiqamətdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində bir sıra tədbirlərin təşkilinin nəzərdə tutulduğunu qeyd edib. May ayının sonunda ölkəmizə planlaşdırılan Fransa nümayəndə heyətinin səfəri çərçivəsində 27 may tarixində iki ölkənin klassik musiqilərindən ibarət konsertin təşkil olunacağı bildirilib. Həmin konsertin proqramına 100 illiyi qeyd olunan dahi bəstəkar Qara Qarayevin əsərlərinin də salınması təklif edilib.

   Bununla yanaşı, Fransa tərəfi ilin sonuna kimi Fransa arxeoloqları tərəfindən son 10 ildə ölkəmizdə aparılan tədqiqatlara həsr olunmuş sərgini təşkil etmək istəyir. Həmçinin 21 iyun tarixinin Fransada Musiqi günü kimi qeyd edildiyi diqqətə çatdırılaraq fransız musiqiçilərin iştirakı ilə Bakıda konsertin keçirilməsi müzakirə olunub.

   Nazir Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevin Azərbaycan-Fransa əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, mədəni əlaqələrin yüksək inkişafında ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu vurğulayıb və Fransa tərəfindən təşkil olunacaq tədbirlərin həyata keçirilməsinə Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib.

   Görüşdən sonra nazir və səfir Xalça Muzeyində Beynəlxalq muzeylər günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər.

 

Mədəniyyət.- 2018.- 23 may.- S.6.