Xalq Cümhuriyyəti tariximizin fəxarət səhifəsidir

 

 İstiqlal Muzeyində "Cümhuriyyət" zalının və Qafqaz-İslam Ordusuna həsr olunan sərginin açılışı

  

   Mayın 24-də İstiqlal Muzeyində "Cümhuriyyət" zalının və Türkiyənin Azərbaycandakı səfirliyi və Bakıdakı Yunus Əmrə İnstitutunun birgə ərsəyə gətirdiyi Qafqaz-İslam Ordusunun 100 illiyinə həsr olunan sərginin açılışı keçirildi.

   Muzeyin direktoru Fəridə Şəmsi çıxış edərək sərginin Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında və 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi barədə sərəncamlarına əsasən təşkil edildiyini bildirdi. Qeyd olundu ki, muzeydə "Cümhuriyyət" zalının yaradılması ziyarətçilərin AXC-nin tarixinə daha yaxından bələd olmasına imkan qazandıracaq. Zalda Cümhuriyyətin fəaliyyətini əks etdirən 70-dən artıq foto, sənədli materiallar və Əli bəy Hüseynzadənin muzeyə hədiyyə olunmuş şəxsi əşyaları nümayiş etdiriləcək. Direktor həmçinin diqqətə çatdırdı ki, rəssam Elşən Hacıyevin muzeyə bağışladığı "Həsrət üzərində elegiya" triptixiilk dəfə sərgilənəcək.

   Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev sərgini Azərbaycan və Türkiyə qardaşlığının gözəl nümunəsi kimi dəyərləndirdi. Cümhuriyyətin 100 illiyinin ölkəmizdə çoxsaylı tədbirlərlə qeyd olunduğunu diqqətə çatdıran nazir çox qısa müddət fəaliyyət göstərən ilk respublikamızın bizə böyük miras bəxş etdiyini dedi: "Azərbaycanda ilk dövlət universitetinin, ilk muzeyin yaradılması, həmçinin qadınlara səsvermə hüququnun verilməsi də Cümhuriyyətin xalqımıza dəyərli töhfələridir. Bundan əlavə, teatr, musiqi, ədəbiyyat, yaradıcı mühitin inkişafı - Cümhuriyyətin böyük fədailəri tərəfindən irəli sürülən bütün bu təşəbbüslər müasir Azərbaycanın tarixində də müstəsna rol oynayır".

   Nazir üçrəngli bayrağımızın ideya müəllifi, böyük türkçü Əli bəy Hüseynzadənin Türkiyə və Azərbaycan tarixində öz xidmətləri ilə seçilən şəxsiyyətlərdən olduğunu vurğuladı.

   Qafqaz İslam Ordusunun tariximizdə oynadığı roldan söz açan Əbülfəs Qarayev qeyd etdi ki, o dövrdə bu ordu Azərbaycana gəlməsəydi, xalqımız daha çox itkilərə məruz qalacaqdı. Qafqaz İslam Ordusunun əks olunduğu 40-dan artıq fotonun burada nümayişi həmin dövrün reallıqlarını bizə bəyan edir.

   Nazir çıxışının sonunda sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

   Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bildirdi ki, Osmanlı İmperiyası 1918-ci ildə ölüm-qalım mücadiləsində olsa da, azərbaycanlı qardaşlarından gələn yardım çağırışını geri çevirmədi: "Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməklə ən böyük zəfərini qazandı. Bu zəfər Azərbaycanın azadlığının, bugünkü sərhədlərinə qovuşmasının yolunu açdı. Bu gün Azərbaycanın bir sıra bölgəsində şəhidliyimiz var".

   Sonra qonaqlar sərgi ilə tanış oldular.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 25 may.- S.3.