"Bir kərə yüksələn bayraq bir daha enməz"

 

 

   Cümhuriyyətin 100 illiyi ilə bağlı rəngarəng tədbirlər təşkil olunub

   Şəki şəhər Uşaq incəsənət məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert proqramı təşkil edilib. Məktəbin direktoru Eldar Rəcəbov çıxış edərək Cümhuriyyət tarixindən, o dövrdə milli hökumətin həyata keçirdiyi işlərdən danışıb.

   Tədbirdə məktəbin müəllim və şagirdlərinin ifasında musiqi proqramı təqdim olunub.

   Sonda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək tədbirin təşkilinə görə məktəbin kollektivinə təşəkkürünü bildirib.

   ***

   Ağstafa rayon MKS-nin Uşaq şöbəsində "Uşaqlar gülərsə, dünya güləcək" adlı görüş keçirilib. Şöbənin müdiri S.Mustafayeva və digər çıxış edənlər bildiriblər ki, cəmi 23 ay yaşayan Xalq Cümhuriyyətini quranlar ölkəmizə bəşəri dəyərləri gətiriblər.

   Ağstafa şəhər 1 saylı məktəbin 5-ci sinif şagirdləri Məmməd Arazın "Ayağa dur, Azərbaycan" şeirini səsləndiriblər. İştirakçılar sonda "Azərbaycan Xalq Cümhuriyyəti - 100" adlı sərgiyə baxıblar.

   ***

    Goranboy rayon Mərkəzi kitabxanasının oxu zalında "Bir kərə yüksələn bayraq bir daha enməz" adlı dəyirmi masa təşkil olunub. Oxu zalının müdiri Sevda Əliyeva, kitabxanaçılar Günel Vəliyeva, Ülviyyə Kazımova, Metodikabiblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova, 4 nömrəli kitabxana filialının işçisi Kəmalə İsmayılova və başqaları çıxışlarında Cümhuriyyətin tarixindən bəhs ediblər. Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.

   ***

   Oğuz rayon Mədəniyyət mərkəzində Mərkəzi kitabxananın Uşaq şöbəsi və H.Babayev adına şəhər 1 saylı orta məktəbin birlikdə hazırladığı "Azərbaycan-Şərqdə doğan sönməyən Günəş" başlıqlı ədəbi-bədii kompozisiya təqdim olunub.

   Uşaq şöbəsinin müdiri K.Cəfərovanın məruzəsi dinlənilib. Tədqiqatçı-şair Yusif Rzayev Cümhuriyyətin tarixindən danışıb. 1 saylı tam orta məktəbin şagirdlərinin təqdim etdiyi kompozisiya maraqla qarşılanıb.

   ***

   Salyan rayon Mədəniyyət mərkəzində "Xalq Cümhuriyyəti və Heydər Əliyev ideyaları" mövzusunda tədbir keçirilib. Mərkəzin direktoru Lətif Zərbəliyev, 1 saylı şəhər klubunun müdiri Nuriyyə Quliyeva tədbirdə çıxış ediblər.

   Sonda məktəblilər və "Murad" Əlillər İctimai Birliyinin üzvləri Azərbaycana həsr olunan şeirlər söyləyiblər.

 

Mədəniyyət.- 2018.- 25 may.- S.6.