Mənəviyyatın deqradasiyası, milli köklərə nifrətin bariz nümunəsi

 

 

  "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər kimi təqdim olunurlar.

   Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov "Qafqaz üçlüyü" filminə münasibət bildirərkən deyib.

   O xatırladıb ki, 1988-ci il hadisələri başlayan gündən Dağlıq Qarabağ məsələsi ittifaq mətbuatının səhifələrində geniş şərh olunsa da, informasiya blokadası Azərbaycanın mövqeyini görünməyə qoymur, mərkəzin təbliğat maşını hadisələri birtərəfli işıqlandırırdı. Ermənilərin mərkəzi mətbuat vasitəsilə Azərbaycana qarşı apardıqları yalanböhtan kampaniyası münaqişənin gedişində də öz təsirini göstərirdi. Erməni lobbisinin təsiri altında olan mərkəzi mətbuatdakı yazıların bir çoxunda belə bir fikir var idi ki, Dağlıq Qarabağ barədə ərazi iddialarının həllində ermənilərin marağı nəzərə alınmalıdır. Bu işdə ermənilərin siyasi mənafelərini təmsil edən bir sıra rəsmi və qeyri-rəsmi xadimlər xüsusilə canfəşanlıq göstərirdilər.

   Bu gün bu proses davam edir. Amma başqa formada. Ermənilərin tarixi etnik problemləri ilə məşğul olmayan Rüstəm İbrahimbəyov onun kimi sapı özümüzdən olan baltalar erməni lobbisinin təsiri ilə birdən-birə parlamaq istəyirlər. R.İbrahimbəyov bədnam filmdə "əziyyət çəkmiş" ermənilərin halına acıyaraq onların daimi təəssübkeşlərindən birinə çevrilib. Filmdə Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi "vəhşi azərbaycanlılar"ın "dinc ermənilər"ə qarşı qəddarlığını göstərməkdir.

   Həqiqət isə tam əksinədir. 1988-1994-cü illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda uşaqların qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar var. 1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilib. İnsani keyfiyyətlərini itirən "məşhur ssenarist"ə xatırlatmaq lazımdır ki, Xocalıda vəhşicəsinə öldürülən 613 nəfərdən 63-ü uşaq idi.

   Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu "etirafları" milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmanın, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir.

 

Mədəniyyət.- 2018.- 25 may.- S.10.