Tarixi Topçubaşovlardan - ən görkəmlisi, ən millisi, ən cəfakeşi Əlimərdan bəy!.

 

 

Bütün təhsil, vətəndənkənar ümuminsanimilli fəaliyyətləri sonrası Bakıya gəlib, sıravi vəkilliyə başlayan bu böyük Azərbaycan oğlu bir neçə mürəkkəb məhkəmə proseslərini udaraq, ovaxtadək hüquq, qanun-qayda məsələlərinə "axvayı", az qala "küfr" kimi baxan şəhər əhalisi içərisində böyük nüfuz qazanır, 1897-ci ildən "Kaspi"də çıxan maraqlı məqalələri (sonralar həmin qəzetdəki redaktorluğu) ilə daha da məşhurlaşır və xaricdə ola-ola Cümhuriyyət parlamentinin sədri seçilməsi heç kimdə mənfi "saldo"lu bir reaksiya doğurmur...

 

  

   Müqəddəs Cümhuriyyətimizin çoxsaylı qurucuları sırasında "şəriksiz 2-ci" epitetilə də xatırlanan bu şəxsiyyət haqqında məlum 70 il ərzində "uzaq"-"yad" və bəlli son 27 ildə doğma imzalarla saysız-hesabsız məqalə, broşür, monoqrafiya, kitab və xatirələr çap olunub. Mənim - ixtisasca hüquqçu, fəaliyyətcə büsbütün rəsmi-rəyasi olmuş bu dünya çaplı persona haqdakı bəhsimsə, indiyəqədərki yazılarıma nisbətdə, xeyli "nəqli"...

  

   Beləliklə;

   

   Bir az da məşhur hərbçi babalarındangəlmə soyadı ilə diqqətəşayanlaşmış Əlimərdan bəy 1863-cü ildə Tiflisdə doğulub. İlk təhsilini 1884-cü ildə müvəffəqiyyətlə başa vurduğu I Tiflis gimnaziyası ardınca Peterburq Universitetinin Tarix-filologiya fakültəsinə daxil olub, lakin elə ilk semestrdən sonra hüquq fakültəsinə keçib. Qeyri-adi bir uğurla bitirdiyi (1888) bu ali məktəbdə hüquq elmləri namizədi adını alıb və universitetinin Elmi Şurası onun mülki hüquq kafedrasında saxlanıb, pravoslavlığı qəbul edəcəyi təqdirdə professor vəzifəsinə hazırlaşması haqda qərar qəbul edib. Əlimərdan bəy bu şərtdən imtina edib, universitet haqqında çar qanunu isə xristian olmayan "bu fenomen müsəlman"ın həmin vəzifəni tutmasını "veto"layıb...

   Bu "baryer"in yaratdığı ruhsuzluğa baxmayaraq o, Rusiyada olduğu ayrı-ayrı dönəmlərdə xeyli ictimai-siyasi işlər görür, Dövlət Dumasında bu nəhəng ölkənin müsəlman əyalətləri deputatlarının yaratdığı "Müsəlman fraksiyası"na başçılıq edir və... çar hökuməti Rusiyanı çalxalayan bu fraksiyaya görə, 72 gündən sonra, ümumiyyətlə Dumanı qovur.

   Tarixən "humanizm", "millətlər bərabərliyi" dokladlayan Rusiyadan Tiflisə qayıdan Əlimərdan bəy məhkəmədə vəkillik edir, Tiflis geodeziya məktəbində hüquqdan dərs deyir.

   Artıq ayrı-ayrı fərdlərin hüquqi müdafiəsindən mənsub olduğu xalqın milli müdafiəsinə keçən Əlimərdan bəy 1893-də H.Zərdabinin qızı Pəri xanımla ailə qurmağa da "vaxt tapır", üç oğul, iki qızları olur.

   1894-cü ildə ailəsilə birgə Bakıya köçən və jurnalistliyə başlayan Əlimərdan bəy şəhərin ictimai-siyasi mübarizə səhnəsinə misilsiz bir enerji ilə daxil olur; hər şeydən öncə "Azərbaycan xalqının milli kimliyi" məsələsini qaldırır, hökumətə zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra petisiyalar yazır, iclas, yığıncaq və mitinqlərdə alovlu çıxışlar edir, Bakı Dumasının üzvü, sonralar sədri seçilir, təsis və fəaliyyətində misilsiz xidməti olmuş ölkə müsəlmanlarının vahid təşkilatının ("İttifaqi-əl-Müslimin") Nijni-NovqorodSankt-Peterburqda keçirilmiş I-IV qurultaylarına sədrlik edir.

   Oktyabr inqilabı zamanı Sankt-Peterburqda olan Əlimərdan bəy Qafqaza qayıdır və Dövlət Dumasının qafqazlı üzvləri 1918-ci ilin yazında Tbilisidə bir araya gələrək Zaqafqaziya Seymini yaradırlar. Lakin Cənubi Qafqazın bu ilk parlamentinin ömrü bircə ay çəkir. 1918-ci il mayın 28-də bu şəhərdə M.Ə.Rəsulzadə, Ə.TopçubaşovF.Xoyski başqa millət öndərlərinin inanılmaz siyasi istedad və işgüzarlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında "İstiqlal bəyannaməsi" elan edilir...

   1919-cu ildə Azərbaycanın müstəqilliyinin tanıdılması üçün Paris Sülh Konfransına səfərdə (nümayəndə heyətinin başçısı olaraq), üzləşdiyi çətinliklər, Fransa hökumətinin Parisə daxil olması üçün onlara (erməni və gürcü nümayəndələrindən fərqli olaraq) viza verilməsində törətdiyi əngəllər, keçirdiyi milli nigarançılıqlar...

   O, Parisdə olarkən Cümhuriyyətimizin Baş naziri N.Yusifbəyliyə yazırdı: "Siyasət qədər elastik və dəyişkən heçyoxdur... Bizimazad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa-olsun müstəqillik əldə edəcəyimizə inanırıq... Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmiş və çəkilməyəcəyik də! Çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq!.."

   Bu kimi faktlar, epizodlar yazıldıqca qurtarmayacağına görə... nəinki bu sıradanbir yazının, həm də bu xalqı millət etmiş ilk Cümhuriyyətimizin sədaqət, mərdlik, intellekttuallıq Qəhrəmanı kimi orazlaşmış bu soydaşımızla bağlı -

  

   Xatirələrdən

  

   Başqırdıstan inqilabı və milli hərəkatının lideri Əhməd Zəki Vəlidi Toğan:

   "...26 dekabr 1924. Əlimərdan bəyə zəng edib, Sen-Kluda (qeyd edək ki, 8 noyabr 1934-cü ildə vəfat etmiş Əlimərdan bəy Paris yaxınlığındakı bu kiçik şəhərin qəbiristanlığında uyuyur - T.A.) kirayələdiyi evinə getdik. O, bizi qapısı önündə qarşıladı. Qucaqlaşıb görüşdük. 1917-ci ildə Moskvada Rusiya Müsəlmanlar İttifaqı Konqresində eyni mövqeyi müdafiə etdiyimizə görə bir-birimizə yaxşı isinişmişdik. Əlimərdan bəyi atam, xanımını anam kimi sevirdim. Rusiyanın müsəlman xalqlarının hürriyyət mücadiləsi tarixində parlaq yerə sahib olan Əlimərdan bəyin, Peterburq Universitetinin fars dili üzrə professoru olan atası Mirzə Cəfər Topçubaşovun həyatlarını, hətta mənsub olduqları Borçalı (Boruç oğlu) tayfasının tarixini gözəl bildiyimdən bu ailə mənə hərtərəfli tanış idi. Şirin söhbətlərimiz sanki bir ailədaxili müzakirəni xatırladırdı. Əlimərdan bəy "Mən artıq qocaldım, bəlkə də bir daha Vətənimi görmədən öləcəyəm. Rusiya müsəlmanları işini Əmin Rəsulzadə və Sizin öhdənizə buraxıram" deyib ağladı... Mən "Avropada olmağımdan daha çox elmi araşdırmalar üçün istifadə etmək istəyirəm" dedikdə, o: "Siz hələ çox gəncsiniz, elm qaçmır" - dedi.

   ...Parisdə bir də azərbaycanlılardan sosial-demokrat Ə.Şeyxülislamzadə ilə eserlərdən A.Atamalıbəyov vardı. Bunlar sosialist olduqlarına görə, Əlimərdan bəydən ayrı fəaliyyət göstərir və məni də Rusiyanı tərk etmiş mühacirlər arasında bir sosialist cəbhə yaratmağa dəvət edirdilər. Mənsə bildirdim ki, bizim ellərdə sosializm yalnız Rusiyanın boyunduruğundan qurtardıqdan sonra əsas ideoloji prinsiplərdən ola bilər.

   13 fevral, 1925. Bu gün almanlardan viza aldıq və Əlmərdan bəy S.Maksudi, M.Çokaybir-iki azərbaycanlı dostunu Sen-Kludakı evinə dəvət etdi. Avropada nə işlər görəcəyimiz bu söhbətdə dəqiqləşəcəkdi. Yeməkdən sonrakı söhbətdə Maksudi ilə Çokay sanki əvvəldən sözləşibmiş kimi; "biz gəmilərimizi yandırmaq fikrində deyilik" dedilər və istiqlal mübarizəsini qəbul etmədiklərini, demokratik Rusiya uğrunda mübarizə aparacaqlarını, müsəlmanların hüquqlarını bu şərtlər daxilində müdafiə edəcəklərini söylədilər. Əlimərdan bəy isə söhbətə belə yekun vurdu: "Deməli, biz birlikdə çalışmayacağıq. Zatən dostlarınız Moskva Konqresində də bu fikri dəstəkləmişdi. Deməli, müştərək bir Rusiya Müsəlmanları Komitəsi qurmağın zamanı hələ yetişməyib..."

   Və... belə demək mümkünsə, "avtoxatirə".

   Mətbu və dövlətçilik fəaliyyəti arsenalında saysız-hesabsız məqalə, nitq, diplomatik yazışmalar olan Topçubaşovun öz əqidə-əməl dostlarına yazdığı məktublardan biri də, milli istiqlal hərəkatının tanınmış siması, Cümhuriyyətin daxili işlər və ədliyyə (hər birində iki dəfə) naziri olmuş, işğaldan sonra daşnakların F.Xoyskiyə teraktı zamanı yaralanmış, müalicəyə getdiyi İstanbulda siyasi mühacirlər tərkibində fəallıq etmiş Xəlil bəy Xasməmmədov (1875-1947) ünvanlıdır. Əlimərdan bəyin, ovaxtlı-buvaxtlı dövri mətbuatda "ömürdən uzun mühacirət" kimi ağrılı epitetlərlə ifadə edilən 15 illik qərib-qürbət Paris həyatının "tərcümeyi-hal ərzi" də hesab ediləsi həmin o ağrılı, kədərli, məhzun (və çox ağrıya-ağrıya xeyli ixtisar etdiyim) məktubdan -

  

   Sətirlər:

  

   “Əzizim Xəlil bəy!

   Sizin son dərəcə həssas cavab məktubunuz ailə üzvlərimizin hər birinin gözləri önündə gənc Rəşid və yeniyetmə Raufun əziz xatirələrini canlandırdı...

   Hər dəfə qayğılar içərisində çapalayarkən Rəşidimin sağkən vəziyyətimlə maraqlandığını, hərəkətlərimi bəyəndiyini düşünürəm və bu, mənə taleyin bütün məhrumiyyətlərinə tab gətirməkçün qüvvə verir. İnanıram ki, Siz də, həyatı erkən puç olmuş əziz övladınız Rauf haqda bu cür xatirələrə dalmaqla, həqiqi təsəlli tapacaq, yolunda uzun illər can-başla çalışdığınız xalqa xidmətinizi davam etdirəcəksiniz.

   ...Ölüm haqda çox az fikirləşirəm. Hələ yaşamaq, işləmək, 42 ildən bəri həqiqət və inam meyarı ilə xidmətində dayandığım doğma xalqım naminə fəaliyyətimi davam etdirmək istəyirəm. Bunu bizdən üzərimizə götürdüyümüz milli borc, verdiyimiz qurbanlar tələb edir...

   Heç bir əlavə təfərrüata varmadan mən öz "hekayətimi" də nəql etmək istərdim.

   Tuş olduğum böyük bir bəla bir sıra zərbələrlə daha da dərinləşdi və məni mənəvi məhvin astanasına, maddi baxımdansa dilənçi vəziyyətinə gətirib çıxardı.

   Bu kədərli "hekayət"in bir çox səhifələri Sizə bəlli olduğundan, ümumazərbaycan işinə, şəxsən özümə və mühacirətdəki müxalifətə şərəf gətirməyən məqam və epizodlar üzərində dayanmayacağam.

   1929-cu ilin iyununda heç bir xəbərdarlıq edilmədən, aldığım yardımı kəsdilər və mən yaşamaqçün zəruri olan bütün vasitələri itirdim. İlin sonuna doğru mənzil kirayəsi və nisyə ərzağa görə xeyli borc yığıldı. Ailə üzvlərim dayanmadan işləsələr də (tikiş, toxuma, trikotajs.), əldə olunan qazanc 13 nəfərlik külfətin xərclərinin yalnız bir hissəsinə çatır.

   Acınacaqlı durumdan çıxmaq üçün göstərdiyim bütün cəhdlər səmərəsiz qalır. Borclar isə heyrətamiz sürətlə artır. Hələ məhkəmə qərarının icrası üçün gələnlərin mənzili boşaltmaq tələbi, "könüllü" çıxmasaq, məcburən köçürəcəklərilə bağlı hədələri...

   Buradabaşqa yerlərdə müxtəlif şəxslərdən 50 min franka qədər alacağım olsa da... İndi İstanbulda yaşayan və mənə 2 min frank borcu olan Kotsev (Şimali Qafqaz Dağlı Respublikasının baş naziri) də onların sırasındadır. Nə isə. Hər gün ailəmlə birlikdə küçəyə atılacağımı gözləyirəm.

   ...Əlbəttə, şəxsən imkanınız çatdığını bilsəydim, borclarımı ödəmək üçün filan qədər pul göndərməyinizi xahiş etməkdən utanmazdım. Amma bu, mümkün olan işdirmi? Deməli, yeganə çıxış yolu kimi mənim də payımın olduğu ümumi kassa deyilən son istinadgah qalır. Ona görə də, bir dost kimi, həmin kassadan mənə çatacaq məbləği almaq üçün bacardığınız qədər təsir göstərmənizi xahiş edirəm. Mənim o kassanın vəziyyət və statusundan xəbərim olmasa da, kiminsə mənim bu dəhşətli müsibətə düşməyimdə maraqlı olduğunu təsəvvürümə gətirə bilmirəm...

   Dünyada heç bir şeyin məni artıq bir dəfə iman gətirdiyim prinsiplərdən əl çəkməyə vadar edə bilməyəcəyinə Sizi inandırmağa ehtiyac varmı? Nə irəliləyən yaş, nə xəstəliklər, nə ehtiyac məni bu işə xidmətdən kənarlaşdıra bilməz. Və mənim bir arzum da var; xatirələrimi, bütün fəaliyyətim boyu qarşılaşdığım, müşahidə etdiyim maraqlı məqamları cəmləşdirib "memuarlarımı" yazmaq. Mən bununla həm də "ümumazərbaycan davaçıları" sırasında öz yerimi almış olardım...

   Sizə dərin hörmət bəsləyən

   Əli Mərdan Topçu

   2 aprel 1931-ci il"

  

   Sonda bu universal milli-ictimai şəxsiyyətin qayınanası - mətbu öndərimiz H.Zərdabinin artıq dul qalmış xanımı Hənifə Məlikova-Abayevanın Əlimərdan bəy III Dövlət Duması Müsəlman fraksiyası Bürosunun sədri kimi Peterburqda olarkən yazdığı 13 aprel 1908-ci il tarixli geniş məktubundan iki cümlə:

   "Ah, Sizi necə tezliklə burada görmək istərdik! Sizin işiniz, fəaliyyətiniz həqiqətən bir titan əməyidir!"

  

   Tahir Abbaslı

Mədəniyyət.- 2018.- 25 may.- S.11.