"İslam mədəniyyətinin paytaxtı"nda beynəlxalq rəsm festivalı

 

   Xəbər verildiyi kimi, 2018-ci ildə "İslam mədəniyyətinin paytaxtı" olan Naxçıvan şəhəri 21-24 may tarixində "Naxçıvan - bəşəriyyətin beşiyi" IV Beynəlxalq Rəsm Festivalına ev sahibliyi edib. Ənənəvi festival ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunub.

   "Əcəmi seyrəngahı" mədəniyyət və istirahət parkında keçirilən festivalın açılış mərasimində muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, digər çıxış edənlər Naxçıvanın İslam mədəniyyəti nümunələri ilə zəngin olduğunu, qədim diyarda dini dəyərlərin və adət-ənənələrin qorunub saxlanıldığını vurğulayıb, festivalın muxtar respublika üçün mühüm mədəni hadisə olduğunu deyiblər.

   Mayın 24-də Bəhruz Kəngərli adına sərgi salonunda festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov sərginin açılışında iştirak edib.

   Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva məlumat verib ki, festivalın iştirakçıları muxtar respublikanın tarixi və təbiət abidələrinə, görməli yerlərinə ekskursiyalar edərək əsərlər çəkiblər.

   Türkiyəli rəssam Birsən Çəkər festivalın yüksək səviyyədə keçirilməsinə və yaradılan şəraitə görə minnətdarlıq edib.

   Ukraynalı rəssam Yevgeni Smirnov müəllifi olduğu "Dağlarda qəsəbə" rəsm əsərini Ali Məclisin sədrinə hədiyyə edib.

   Sonra sərgiyə baxış olub.

   Festivalda Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Ukrayna, Rusiya, Finlandiya, Sloveniya, Misir, OmanPolşadan 35 rəssam, eləcə də ölkəmizdən 28 rəssam iştirak edib. Sərgidə rəssamların çəkdikləri 65 əsər nümayiş olunub.

   İranlı rəssam Səid Əyyaminin "Qarabağ", türkiyəli rəssamlardan Basri Ərdəmin "Araz sahili" və Hülya Sezginin "Güllər içində Naxçıvan", rusiyalı rəssam Diana Arslanovanın "Xəyal dünyası", Polşadan Katya Sokolova Zizakın "Haçadağ", azərbaycanlı rəssam Eldar Zeynalovun "Naxçıvan rəsm festivalı", Cavid İsmayılovun "Şərqin qəməri", Telman Abdinovun "Tarixi qoruyaq" və digər əsərlər böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2018.- 30 may.- S. 7.