Musiqi məktəbinin yubiley konserti

 

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 11 nömrəli onbirillik Musiqi məktəbinin 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

   Konsert məktəbin xalq çalğı alətləri orkestrinin ifasında Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra" ilə başlayıb. Sonra şagirdlər "Heyratı" zərb muğamını, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər. Sazçalanlar ansamblı "Şirvan gözəlləməsi"ni, nağaraçalanlar isə "Azərbaycan ritmləri"ni təqdim ediblər. Məktəbin xor kollektivi R. Hacıyevin "Bakı haqqında mahnı"sını məharətlə ifa edib.

   Baş idarənin rəisi Vüqar Zeynalov konsertdən sonra çıxış edərək əlamətdar gün münasibətilə kollektivi təbrik edib, məktəbin fəal müəllimlərini fəxri fərmanlarla təltif edib. Məktəbin direktoru Rövşən Məmmədov təhsil ocağının fəaliyyəti haqqında qısa məlumat verib, respublika və beynəlxalq müsabiqələrdə əldə olunan nailiyyətlərdən danışıb, göstərilən diqqətə görə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2018.- 30 may.- S. 3.