Yubileylərə həsr olunmuş kitab bayramları

 

 

  Qusar şəhərindəki Nəriman Nərimanov adına mərkəzi parkda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitab bayramı keçirilib.

   Parkda müxtəlif mövzularda stendlərdə 325 adda 3500-dən artıq kitab sərgilənib. Bundan əlavə, ümumtəhsil məktəbləri və məktəbdənkənar tədris müəssisələri kollektivlərinin əl işləri nümayiş etdirilib.

   Tədbirdə MKS-nin direktoru Zahir Mustafayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Təhsil şöbəsi metodika kabinetinin direktoru Qorxmaz Muradov, İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova çıxış ediblər.

   Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən Qusar rayon MKS-yə və işində fərqlənən Ləcət, Zindan Muruq Qışlaq və Gədəzeyxur kənd kitabxana filiallarına fəxri fərmanlar təqdim olunub. MKS tərəfindən ən fəal 10 oxucuya fəxri fərman və hədiyyələr verilib. Oxuculara kitabjurnallar hədiyyə edilib, kitabxanaya 100-dən çox yeni oxucu üzv olub.

   * * *

   Siyəzən rayon MKS-nin Mərkəzi kitabxanası da kitab bayramı keçirib. Tədbirə "Sehrli dünya" uşaq jurnalının redaktoru Gülzar İbrahimova, yerli yazarlardan Nəcməddin Mürvətov, Firdovsi Ələmoğlu, Günəş Hüseynova, müəssisə və təşkilatlardan nümayəndələr qatılıb.

   Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın direktoru Şəfiqə Arzudovum açaraq iştirakçıları ənənəvi kitab bayramı münasibətilə təbrik edib. 1, 2, 3, 4 və 6 saylı məktəbin müəllim və şagird kollektivi, internat tipli gimnaziyanın şagirdləri, 2, 3 saylı bağçanın uşaqları, Uşaq yaradıcılıq mərkəzinin, Uşaq incəsənət məktəbinin istedadlı uşaqları, Mədəniyyət mərkəzinin "Pöhrə" rəqs qrupu bayramda yaxından iştirak edib.

Mədəniyyət.- 2018.- 30 may.- S.15.