Musiqili teatr balacalara sənət hədiyyəsi hazırlayır

 

Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu mövsümündə balaca teatrsevərlərin görüşünə görkəmli rus yazıçısı Aleksey Tolstoyun 1936-cı ildə (italyan yazıçı Karlo Kollodinin Pinokkio nağılından bəhrələnərək) qələmə aldığı Qızıl açaryaxud Buratinonun macəraları povesti əsasında hazırlanan Buratino nağıl-tamaşası ilə gələcək.

Yaradıcı gənclərə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Dünyanın bir çox teatr məkanlarında göstərilən oduncaq adam Buratino (italyanca kukla deməkdir) haqqında rəvayətlər Musiqili teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluşunda təqdim olunacaq. İstedadlı rejissor 2011-ci ildə bu tamaşanı (tərcüməni Əməkdar artist Nicat Kazımov edib) teatrın nəzdində fəaliyyət göstərən Uşaq yaradıcılıq studiyasında səhnəyə qoyub. Yeni quruluş bir sıra özəllikləri ilə fərqlənəcək.

Gözəl musiqilərlə müşayiət olunan, rəngarəng səhnə dekorasiyası ilə zövqoxşayan Buratinonun maraqlı süjet xətti var. Tənha qoca Karlo kiçik daxmasında oduncaqdan insan fiquru düzəldir, lakin həmin əşya canlıya çevrilir. Uzun burnu olan, şıltaq, inadkar taxta oğlan Buratino atası hesab etdiyi Karlonu çox sevsə də, nəzakət qaydalarından çox uzaq, tənbəl, dərs oxumağı sevməyən biridir. Yaxşı cəhətləri isə, sadiq dost olmağı bacarmağı və macəra dolu təhlükəli anlarda meydana cəsur kimi atılmağıdır. Hətta Karlonun daxmasında yaşayan cırcırama da Buratinoya məktəbə getməsi, savad alması, ağıllı olması barədə məsləhət verir. Lakin o, məsləhətdən imtina edir. Bir gün Karlo tənbəl oğluna Əlifba kitabı alır ki, bəlkə onu məktəbə göndərə bilsin. Buratino isə yolda kukla teatrının aktyorlarını görüb, fikrini dəyişərək tamaşaya getmək qərarına gəlir. Karlo onun istəyini yerinə yetirirteatra bilet alır. Beləliklə, Buratinonun həyatında yeni səhifə açılır, o, səyyar kukla teatrının tamaşaçısına çevrilir. Bəs daha sonra nələr olur?

Rolları əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova və başqaları oynayacaq.

Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu-baletmeysterləri əməkdar artistlər ZakirYelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.7.