Unudulmayanlardan biri

 

 

Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsinin növbəti sənət gecəsi (26 oktyabr) tanınmış qarmon ifaçısı Teyyub Dəmirovun 110 illiyinə həsr olunmuşdu.

Mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecə sənətkarın ifasında vaxtilə lentə alınan “Bayatı-Qacar” muğamının səslənməsi ilə başlandı. Sonra musiqiçinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.

Tədbirin aparıcısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Teyyub Dəmirovun sənət yolundan, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən danışdı.

Akademiklər Ziyad Səmədzadə, Vasif Məmmədəliyev, Milli Konservatoriyanın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Teyyub Dəmirov irsinin tədqiqatçısı Aydın Əliyev, Xalq artisti Ağacəbrayıl Abasəliyev çıxış edərək fikirlərini bölüşdülər.

Tədbirin ən yaddaqalan məqamlarından biriTeyyub Dəmirovun öz səsində “Kəsmə şikəstə”nin səsləndirilməsi oldu. Bu ifa vaxtilə onun görkəmli xanəndə, Xalq artisti Fatma Mehrəliyevaya “Kəsmə şikəstə”ni necə oxumağın yollarını öyrətdiyi zaman lentə alınıb. Ev şəraitində yazılsa da, Teyyub Dəmirovun sənət yolu haqqında nadir nümunələrdən olan lent yazısı tamaşaçılara maraqlı təsir bağışladı.

İfanın təsirinə biganə qalmayan Xalq artisti Alim Qasımov da “Kəsmə şikəstə”ni səhnədə ifa edən Almaz Orucovaya qoşularaq oxudubuduet” tamaşaçıların sürəkli alqışlarına səbəb oldu.

Konsert proqramında xalq artistləri Aftandil İsrafilov, Teyyub Aslanov, əməkdar artistlər Zakir Mirzəyev, Ehtiram Hüseynov, Almaz Orucova, Aydın Əliyev, ifaçılar Kamilə Nəbiyeva, Teyyub Teyyuboğlunun çıxışları da maraqla qarşılandı.

Musiqi gecəsində ifaçıları Ağacəbrayıl Abasəliyevin rəhbərlik etdiyi “Səadət” instrumental ansamblı müşayiət edirdi.

Teyyub Teyyuboğlu çıxış edərək, ailəsi adından Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya musiqi mədəniyyətimizə, muğam ifaçılığı sənətinə göstərdiyi qayğıya görə öz təşəkkürünü bildirdi, atasının xatirəsinin yad olunmasına görə tədbirin təşkilatçılarına minnətdarlıq etdi. Qeyd etdi ki, Teyyub Dəmirov Azərbaycan muğamlarına neçə-neçə rəng, dəraməd, diringilər bəstələyib və həmin bəstələr bu gün də xanəndələr tərəfindən ifa olunur.

Sonda Teyyub Dəmirovun “Eynuri” rəqsi Zakir Mirzəyev, Teyyub Teyyuboğlu və Aydın Əliyevin ifasında səsləndi.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.6.