Azərbaycan dəyərlərini qorumaqla dünyaya mesaj verir

 

İrina Bokova: Millətin öz keçmişini yaşatması və müasirliyə can atması qədim sivilizasiyanın əlamətidir

 

VI Bakı Beynəlxalq Humanitar Forumunun tanınmış qonaqları arasında UNESCO-nun sabiq baş katibi İrina Bokova da vardı. Ondan beynəlxalq tədbir və ölkəmizlə bağlı təəssüratlarını bölüşməsini xahiş etdik.

- Forum çərçivəsində mühüm diskussiyalar reallaşdı. Bu gün həm də Bakı Prosesinin 10 illiyi qeyd edilir. Bu, Azərbaycan üçün əlamətdar hadisədir. Bu proses mədəniyyətlərarası dialoqla başlayıb və müasir dünyamızda böyük əhəmiyyət kəsb edir. Bakı Prosesi geniş platforması ilə dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində özünü təsdiqləyib. Böyük fəxrlə deyərdim ki, mənim UNESCO-ya 8 illik rəhbərliyim dövründə biz birlikdə çalışdıq. İSESCO, Avropa Şurası və digər təşkilatlarla əməkdaşlıq nəticəsində bu gün dünyada birgəyaşayışı necə təmin etməyin yollarının axtarışına çıxdıq. Buna görə də bu platformanın 10 illiyinə həsr edilmiş Bakı Prosesi insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri mövzusu çox vacib məqamları özündə əks etdirir. Biz bir daha əmin olduq ki, daha da dərinə nüfuz edən mövzuları müzakirəyə çıxarmalı və dünyaya sülh çağırışlarını davam etdirməliyik. Azərbaycan dövlətinə və təşkilatçılara mədəniyyətlərarası dialoqa verdikləri dəstəyə görə təşəkkür edirəm.

- UNESCO-ya rəhbərliyiniz dövründə yəqin ki, Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanmısınız...

- Azərbaycan mədəniyyəti həm qədim, həm də müasirdir. Ona görə də o, bu qədimlik üzərində sülhü möhkəmləndirməyin yollarını düşünür. Azərbaycan UNESCO ilə hər zaman təkcə yaxşı əlaqələr qurmayıb, həm də onun işinə yardımçı olub, töhfələr verib. Təşkilatın Dünya İrs Komitəsinin 43-cü iclasının gələn il Bakıda keçirilməsi də Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfənin sübutudur. Bir də Bakı öz mədəni abidələri ilə diqqət çəkir. Qız qalası, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi bura gələnləri heyran etməyə bilməz. Azərbaycan xalçalarını seyr edəndə, muğam dinləyəndə qəribə bir həyəcan yaşayıram. Forumun qonaqları ilə birlikdə Nəsimiyə ithaf musiqi layihəsini dinlədik. Bu, möhtəşəm idi. Sizin gözəl ədəbiyyatınız, musiqiniz, eləcə də bu vəhdəti yaşadan səsləriniz var. İnsan bu səslərə aludə olur. Bütün bunların fonunda Bakıya səyahət zamanı insan qəribə hislər yaşayır. Millətin öz keçmişinə hörməti və onu yaşatması, eyni zamanda müasirliyə can atması qədim sivilizasiyanın əlamətidir.

Hər dəfə Bakıya gəldiyimdə bərq vuran binalar, gülərüzlü insanlarla qarşılaşıram. İçərişəhəri çox sevirəm. Azərbaycan bu qədim şəhəri qorumaqla da dünyaya bir mesaj verir qədimliyi və müasirliyi bir arada təqdim etməklə milli dəyərlərə sahib çıxaq.

Onu da vurğulayım ki, bu gün bizim mədəni müxtəliflik üzrə tədrislərin təşkilinə, mədəniyyət sahəsində təcrübələrin, dinlər və mədəniyyətlərarası dialoqun təşviqinə və başqa mədəniyyətlərə hörmətlə yanaşmağa ehtiyacımız var. Bu mənada Azərbaycan öz addımı, öz baxışı ilə bu proseslərə təsir göstərməkdə davam edir.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.5.