Uzun ömrün musiqi çələngi

 

Arif Məlikovun 85 illiyi münasibətilə keçirilən konsertdə bəstəkarın sevilən əsərləri səsləndi

 

Oktyabrın 31-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, SSRİ Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, AMEA-nın akademiki Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim olundu.

Mədəniyyət Nazirliyi və Mədəniyyət telekanalının birgə təşkilatçılığı ilə keçirilən konsert sənətkarın anadan olmasının 85 illiyinə həsr edilmişdi. Yubilyarın özününiştirak etdiyi, mədəniyyət xadimlərinin, çoxsaylı sənətsevərlərin qatıldığı gecədə Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin müşayiəti ilə respublikanın tanınmış müğənniləri, eləcə də gənc solistlərin ifasında Arif Məlikovun sevilən mahnıları, kino musiqiləri səsləndi.

Bəstəkarın Güllərim, Dənizdə ay çiməndə, Gözlərimin dünyası, Gəl bizim dağlara, İnandım, Sən Əslisən, mən Kərəm, Şirin qızım, Qonaq gəl bizə, Dənizə baxıram, Günəş ürəkli və digər mahnıları alqışlarla qarşılandı.

Gecənin aparıcıları Arif Məlikovun həyat və yaradıcılığı haqqında tamaşaçılara ətraflı məlumat verdilər.

Bildirildi ki, Ü.Hacıbəyli tərəfindən qoyulmuş ənənələri davaminkişaf etdirən, müəllimi Q.Qarayevin yaradıcı prinsiplərindən, dünya musiqisinin qabaqcıl nümayəndələrinin irsindən bəhrələnən A.Məlikov fərdi yaradıcılıq üslubunu yaradıb. Musiqinin ən müxtəlif janrlarında çalışan bəstəkar balet, kantata, operetta, müxtəlif janrlı kamera-instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, filmtamaşalara musiqiləri ilə milli musiqi xəzinəmizi zənginləşdirib. Bəstəkarın xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyi çoxsaylı sənət nümunələri respublikamızın hüdudlarından çox-çox uzaqlarda tanınır və rəğbət doğurur.

Nazim Hikmətin pyesi əsasında yazdığı Məhəbbət əfsanəsi baleti ona gənc yaşlarında dünya şöhrəti gətirib. 1959-cu ildə Q.Qarayevin məsləhətilə Leninqrad OperaBalet Teatrı 26 yaşlı bəstəkara N.Hikmətin pyesinə balet yazmağı təklif edir. A.Məlikov baletmeyster Y.Qriqoroviç, rəssam Virsaladzedirijor Niyazidən ibarət yaradıcı heyətlə birgə özünün şah əsərini yaradır. 1961-ci ildə Leninqrad (Sankt-Peterburq) OperaBalet Teatrında premyerası keçirilən əsər dünyanın 20-dən çox ölkəsində müvəffəqiyyətlə tamaşaya qoyulub. A.Məlikovun N.Hikmət lirikasına vurğunluğu sonrakı dövrdə şairin sözlərinə iki silsilə romanslar yazmasına da təkan verir.

Bəstəkar həmçinin İki nəfər, İki qəlbin poeması baletlərinin, Vətən və Dünyanın səsi kantataları, Ləpələr operettası, Füzuli, Metamorfozlar simfonik poemaları, 8 simfoniyas. əsərlərin müəllifidir. Sehrli xalat, 26 komissar, Axırıncı aşırım və s. filmlərə, Natəvan, Atabəylər tamaşalarına musiqi yazıb.

Diqqətə çatdırıldı ki, ulu öndər Heydər Əliyev A.Məlikovun yaradıcılığını hər zaman yüksək qiymətləndirib. Bəstəkar özünün 8-ci simfoniyasını ulu öndərin xatirəsinə ithaf edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva bəstəkarın yaradıcılığına diqqət və qayğı göstərirlər. O, musiqi mədəniyyətimizin inkişafında xidmətlərinə görə İstiqlal və Şərəf ordenləri, Heydər Əliyev Fondunun Qızıl çinar mükafatı ilə təltif edilib.

Vurğulandı ki, 60 ilə yaxındır Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərən Arif Məlikovun bir necə bəstəkarlar nəslinin yetişməsində böyük zəhməti var.

Gecədə Arif Məlikovun əsərlərinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə buraxılmış CD albomunun təqdimatı da oldu.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.4.