Mədəniyyət naziri beynəlxalq konfransın qonaqlarını qəbul edib

Noyabrın 6-da mədəniyyət naziri Əbülfəs Qarayev V Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən Rusiya nümayəndə heyətini qəbul edib.

Nazir Azərbaycan-Rusiya teatr əlaqələrinin inkişafı və birgə əməkdaşlıqla bağlı fikirlərini bölüşərək bildirib ki, teatrlar arasında münasibətlər təkcə konfranslar zamanı deyil, daim dinamik tempdə inkişaf etməlidir. Buna görə də Azərbaycan teatrlarında rusiyalı teatr mütəxəssislərinin ustad dərslərinin, bu sahə ilə bağlı məruzələrinin mütəmadi təşkil edilməsi məqsədəuyğun olar.

Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının direktoru Kiril Krok nazirin fikrini yüksək dəyərləndirərək yaxın gələcəkdə Azərbaycandan teatr sahəsində çalışan texniki heyətin bu teatrda ikihəftəlik treninq-təcrübə keçmələrini təklif edib.

Boris Şukin adına Teatr İnstitutunun Rejissorluq kafedrasının müdiri Mixail Borisov V Bakı Beynəlxalq Teatr Konfransında iştirakından məmnunluğunu bildirib. Qonaq 2016-cı ildən Azərbaycan dövlətinin dəstəyi ilə Moskva Teatr İnstitutunda oxuyan tələbələrin təhsili və hazırda tədris prosesinin mərhələləri haqqında nazirə məlumat verib.

S.Obraztsov adına Dövlət Akademik Kukla Teatrının direktoru İrina Korçevnikova, Mosobr.tvnin baş redaktoru Marina Merkulova ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazir Əbülfəs Qarayev Rusiya ilə münasibətlərin, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsi üzrə də yüksək səviyyədə inkişaf etdiyini, ölkələrimiz arasında mütəmadi olaraq mədəni layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Görüş Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyəti və gələcəkdə qarşılıqlı birgə layihələr mövzusunda müzakirələrlə davam edib.

* * *

Nazir Əbülfəs Qarayev noyabrın 6-da V Bakı Beynəlxalq Teatr Konfransının iştirakçısı olan beynəlxalq teatr təşkilatlarının təmsilçiləri ilə görüşüb.

UNESCO-nun Sülh artisti Əli Mahdi, Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının prezidenti İvet Hardi, Paranthese Teatrının bədii rəhbəri, həmvətənimiz Emil Səlimov (Fransa), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vays, Artefactum Holdinqin prodüseri Jilberto Soberanes Rodriges (Meksika), Beynəlxalq Teatr İnstitutu Milli Mərkəzinin prezidenti İbrahim Assiri (Səudiyyə Ərəbistanı) Bakı Teatr Konfransının təşkilinə, göstərilən qonaqpərvərliyə görə təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Bildirilib ki, bu sahənin mütəxəssisləri mövcud olan problemlərin istiqamətlərini və həlli yollarını düşünməlidir. Bakı konfransı bu məsələlərə konseptual yanaşma imkanı verir.

Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti, ölkəmizdə reallaşan beynəlxalq layihələrdən danışıb, mədəniyyətimizin təbliği istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verib.

* * *

Mədəniyyət naziri UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun prezidenti Məhəmməd Saif Əl-Əfham ilə də görüşüb.

Görüş zamanı BTİ ilə əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə yeni təkliflər irəli sürülüb. Əbülfəs Qarayev Beynəlxalq Teatr İnstitutu ilə Azərbaycan teatrları arasında münasibətlərin inkişaf etdirilməsi və yeni mədəni layihələrin həyata keçirilməsinin önəmini qeyd edib.

V Bakı Beynəlxalq Teatr Konfransında iştirak etməkdən məmnunluğunu bildirən qonaq tədbirin yüksək səviyyədə təşkilinə görə nazirə minnətdarlıq edib.

Əl-Füceyrə Beynəlxalq Monodram Forumunun prezidenti olan Məhəmməd Saif Əl-Əfham bu tədbirdə azərbaycanlı teatr xadimlərinin yaxından iştirak etməsini arzuladığını bildirib.

Eyni zamanda BTİ-nin Dünya Konqresinin 2020-ci ildə Azərbaycanda keçirilməsi məsələsi də müzakirə olunub.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 7 noyabr.- S.2.