Çağdaş zaman və sənət: teatr prosesi fəlsəfi baxımdan necə görünür?

 

 

 

Konfransın birinci günü maraqlı çıxışlarla, eyni prosesə fərqli baxışlarla yadda qaldı

V Bakı Beynəlxalq Teatr Konfransının rəsmi açılış mərasimindən sonra keçirilən birinci plenar iclasa Əliqismət Lalayev (Azərbaycan) və Lela Oçiauri (Gürcüstan) moderatorluq edirdilər.

İlk olaraq söz Gürcüstanın Xalq artisti, dünya şöhrətli teatr rejissoru Robert Struaya verildi. Qocaman rejissor qısa danışdı: “Dünya filosoflarla doludur. Buna görə də nə danışacağımı bilmirəm. Həm də mən skeptikəm. Biz, yəni teatr insanları dünyanı dəyişə bilmərik, biz onu yalnız yaxşılaşdıra bilərik. Çox vaxt Şekspirin sözünü təkrar edirlər: “Dünya bir teatrdır, insanlar da onun aktyorları”. Mənsə bu kəlama bir cümlə əlavə etmişəm: “İlahi, bu teatrın truppası necə də pisdir!”. Mənə elə gəlir ki, səhnədə aktual fikirlər daha çox səslənəndə teatr səhnə sənəti olmaqdan çıxır və qəzetə oxşayır”.

Maraqlı, məzəli və acı gülüş doğuracaq qədər obyektiv fikir olsa da, konfrans iştirakçıları qocaman rejissorun fikrinin ardınca gedib, ona öz münasibətlərini bildirmədilər. Halbuki, növbəti çıxışçı – ispanlara qədərki dövrün milli teatr özəklərinin araşdırılmasına həsr olunmuşBiz kimik? Meksika teatrında rituallardan qaynaqlanan səhnə konstruksiyaları” mövzusunda məruzə edən Monika Bahonera Diaz teatr mövcudluğunun dayanıqlığını milli teatral köklərə qayıtmaq baxımından araşdırmışdı.

Kanada təmsilçisi Mişel Vays isə məruzəsində Kvebekdə hətta ictimai nümayişlərə səbəb olmuş teatr tamaşasına seyrçinin münasibəti, teatrda siyasi görüşlərin, milli azlıq məsələsinin qabardılmasından bəhs etdi.

Leyla Səlimovanın (Rusiya) “Vaxt keçir, cənablar. Vaxt öz-özlüyündə...” məruzəsində diqqəti XX-XXI əsrlərin teatrında SokratianaKantiana fəlsəfi fikir oyunlarına yönəltdi.

Mona Liza ilə selfi”. İlk baxışda məruzə başlığından daha çox diqqətçəkən reportaj adına oxşayan bu çıxışı isə Aydın Talıbzadə (Azərbaycan) hazırlamışdı. Məruzəçi öz çıxışında virtual aləmə köçən müasirlərimizin real sənətdən zövq almaq anlayışının dəyişməsinin və bu dəyişikliyin teatr tamaşaçısını hara aparacağından narahatlığını ifadə etmişdi.

Hindistanlı tədqiqatçı Pravin Bhoul Britaniya əsarəti dövründə Qərb teatrının təsiri altında milli teatrın hansı mədəni təsirlərə məruz qaldığını araşdırmışdı.

* * *

Günün ikinci yarısında plenar iclas Məryəm Əlizadə (Azərbaycan) və Katarina Klançnik-Kokutarın (Sloveniya) moderatorluğu ilə davam etdi.

Piter Qoldfarbın (ABŞ) “Teatrın yeni fəlsəfəsi və XXI əsrdə tədris teatrı”, İlham Rəhimlinin (Azərbaycan) “Əsrin teatr fəlsəfəsi insandır”, Qalina Verbitskayanın (Rusiya) “Hamlet xaçı. Keçid dövrü qəhrəmanlarının özünüidentifikasiya probleminə dair” məruzələri mövzuya yanaşma baxımından nə qədər fərqli olsa da, sonucda müasir teatrın yüksək texnologiya dövrünün insanlarına nələri verə biləcəyinə və müasir tamaşaçının teatrdan gözləntilərinə həsr olunmuşdu.

Teatra biznes sahəsinə tətbiq edilən qaydaların şamil edilməməsini təklif edən İlham Rəhimlinin çıxışı salonda coşqunluq da yarada bildi.

Belarus təmsilçisi Olqa Buravlyovanın “Teatr rejissorluğundaüslub” anlayışı: əsas komponentlər” məruzəsi sırf nəzəri məqamların araşdırılmasına diqqəti çəkdi, Ravi  ÇaturvediYogita Svaminin (hər ikisi Hindistan) araşdırması isə öz çoxmillətli ölkələrində çoxmədəniyyətli teatrın qarşılaşdığı mövcudluq problemlərinin çözülməsi barədə idi. İran teatrşünası Faramarz Qolamianın məruzənin adı konfransın mövzu istiqamətinə tam uyğun idi: “XXI əsrdə teatr fəlsəfəsi: Varlıq anlayışı və Varlıq”.

* * *

İclas qısa fasilədən sonra müəyyən məqamları mübahisə doğuran müəllif hüquqlarına dair Bern konvensiyası barədə məruzə edən Cozef Teoqa Ruşan Fernandorullenin çıxışı ilə başladı. Onun ardınca Saniya Kabdiyeva (Qazaxıstan),  Adil Əsədov (Azərbaycan), Ebru Gökdağ (Türkiyə) və Lela Oçiauri (Gürcüstan) məruzə etdilər. Qazaxıstan təmsilçisi öz ölkəsində teatr məkanında yaranan yeni teatrlardan, ənənəvi teatrdakı rejissor axtarışlarından söz açdı, Adil Əsədov isə “Teatr varlıq-mövcudluq kontrastı kontekstində” mövzulu araşdırmasının nəticələrini paylaşdı.

* * *

Noyabrın 6-da V Bakı Beynəlxalq Teatr Konfransı öz işinə davam etdi.

Səhər iclasının moderatorları Vidadi Qafarov (Azərbaycan) və Ebru Gökdağ (Türkiyə) idi.

İlk çıxış edən professor Məryəm Əlizadə (Azərbaycan) “Müasir fəlsəfədə teatr anlayışı”nı fəlsəfi konseptlərin mozaikası əsasında açıqladı. Onun məruzəsi teatrın bu gününə və daha çox gələcəyinə doğru yönəlmişdisə, növbəti məruzəçi, Yaponiyadan gəlmiş Ken Hagivara “(Post)qloballaşma dövründə yaponların obrazı”nın araşdırılmasına həsr etdiyi məruzəsində daha çox Qərb teatrının təsirinə məruz qalmış ənənəvi yapon teatrlarında baş vermiş səhnə təbəddülatlarını, ənənəvi milli teatra nüfuz etmiş yad düşüncənin təsirini azaltmaq yollarından söz açdı.

Gürcüstandan İnqa XalvaçiBatum Dram Teatrı müasir proseslər kontekstində” adlı məruzəsində ayrıca götürülmüş bir teatrın nümunəsində çağdaş teatr prosesinə dair fikirlərini söylədi. Yunanıstandan gəlmiş teatr təşkilatçısı, aktrisa, dramaturq Emili KamarinopulonunUşaqlar üçün işarə dili teatrı” məruzəsi nəzəri məsələlərin açılmasından daha çox, özünün rəhbərlik etdiyiBala tülkülər” teatrının yaranması, fəaliyyəti, eşitmə qüsurlu uşaqların teatr sənətinə nəinki tamaşaçı, həm də iştirakçı olaraq cəlb edilməsi barədə idi. Surdotərcümə üsulu ilə oynanılan tamaşaları uşaqların cəmiyyətə daha asan uyğunlaşmasına, inklüziv cəmiyyətin  bərqərar olmasına doğru ən düzgün addımlardan biri kimi qiymətləndirmək olar.

Plenar iclasın ikinci hissəsində dinlənilən və konfransın mövzusuna maksimal yaxınlığına görə üç məruzə daha çox yadda qaldı.

Rusiya təmsilçiləri Marinaİnna Merkulovaların “Media çağırışları dövründə teatrda rəqəmsal texnologiyalar” məruzəsində Moskva teatrlarında “telefonlu adam”ların əlindəki ağıllı cihazlardan teatrın təbliği üçün necə bəhrələndikləri ilə bağlı artıq əldə olunan nailiyyətlərdən bəhs etdi. Mövzu iştirakçıların marağına səbəb olduxeylisual doğurdu.

Özbəkistanlı tədqiqatçı Temur RaşidovMüasir bədii proses kontekstində teatr”ın yerirolu barədə mülahizələrini səlis ifadə etdi. Elçin Cəfərovun  (Azərbaycan)  Vaqif İbrahimoğlunun yeni teatr fəlsəfəsi və konseptual rejissurası” barədə tezis şəklində qurduğu məruzəsi də maraqla qarşılandı. Rusiyadan gəlmiş teatr tənqidçiləri maraqla “yəni bu gün Avropanı düşündürən teatr cərəyanı artıq Azərbaycanda öz səhnə təcəssümünü tapıb” kimi sualları bir daha göstərdi ki, milli teatr prosesimizdəki öyünüləsi məqamları, cəhətləri, nailiyyətləri göstərmək, tanıtmaq üçün belə konfranslar ən yaxşı fürsət, ən əlverişli tribunadır və belə imkanlardan mümkün qədər çox bəhrələnmək lazımdır.

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2018.-  7 noyabr.- S.3.