Açıq dərs musiqi imlalarına həsr olunmuşdu

 

 

 

F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində “Musiqi tədrisində körpülər. Yeni layihələr” adlı tədbir keçirildi. Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Musiqi nəzəriyyəsi kafedrası ilə birgə layihə əsasında təşkil olunmuşdu.

BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilbər Məmmədova şagirdlərə “Musiqi məktəblərində musiqi imlasının yazılmasına hazırlıq” mövzusunda açıq dərs keçdi. Açıq dərsdə paytaxtın musiqi və incəsənət məktəblərinin nəzəriyyə şöbələrinin müəllimləri, BMA-nın, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri dinləyici kimi iştirak edirdilər.

D.Məmmədova musiqi imlalarının yazılmasında “İfa olunan musiqi parçasını tapmaq”, “Müəllimin səsindən notları tapaq”, “Yaxşı tanıdığımız musiqi parçalarını yazaq” və s. metodları elektron lövhənin köməyi ilə iştirakçılara təqdim etdi. Dərs prosesində şagirdlərin eşitmə, yaddaş, lövhədə işləmək və üzündən köçürə bilmək bacarıqları da yoxlanıldı.

Dərsin sonunda D.Məmmədova iştirakçıların suallarını cavablandırdı. Təcrübəli  müəllimlərin də fikir və tövsiyələri dinlənildi.

Tədbirin sonunda məktəbin direktoru, Əməkdar müəllim, professor Adilə Yusifova çıxış edərək bu səpkidə dərslərin mütəmadi keçirilməsinin, bilik və təcrübə mübadilələrinin vacibliyini vurğuladı. Direktor nəzəri dərslərin təşkili üçün BMA-nın kafedra müdiri, professor Könül Nəsirovaya öz minnətdarlığını bildirdi.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 7 noyabr.- S.4.