Bakının adsız heykəlləri onları necə tanıyaq?

 

Bakı öz tarixi memarlıq nümunələri ilə zəngindir. Şəhərin tarixi simasını daha da rövnəqləndirən, uzaq keçmişin izlərini yaşadan binalar, saraylar, digər tikililərilə yanaşı, görkəmli insanların xatirəsinə ucaldılan abidələri də maraq doğurur.

Paytaxtımızda ilk heykəl 1922-ci ildə qoyulub. Böyük satirik şair Mirzə Ələkbər Sabirin heykəli müsəlman Şərqində ilk belə abidə hesab olunur. İndi Bakıda, eləcə də bölgələrimizdə heykəltəraşlıq əsərləri geniş yayılıb. Bu həm ölkəmizin mədəni inkişafının göstəricisi, həm də tarixi şəxsiyyətlərimizə verilən dəyərin bir örnəyidir.

Amma Bakıda bir sıra heykəllər var ki, onların üzərində şəxsin kimliyi, bəzi hallarda şəxsin doğumölüm tarixi, eyni zamanda heykəlin müəllifinin kim olduğu qeyd edilməyib. Əlbəttə, tariximizdə elə önəmli şəxsiyyətlər var ki, onların adlarını görmədən də kimliyi bəlli olur. Sözsüz ki, bu yanaşmanı bütün heykəllərə aid etmək mümkün deyil. Ölkəmizdə çoxlu beynəlxalq tədbirlərin keçirildiyi, turist axınının artdığı bir vaxtda bu məsələ daha çox aktuallıq kəsb edir.

Bununla bağlı mütəxəssislərin fikrini öyrənməyə çalışdıq. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev deyir ki, heykəllərin, ümumiyyətlə, bu tip abidələrin üzərində adların yazılması önəmli məsələdir: Görürsən gözəl bir heykəldir. Amma üzərində nə əsərin, nə də müəllifin adı var. Bəzi heykəllərin üzərində şərəfinə ucaldılan şəxsin adı var, lakin əsərin müəllifi qeyd olunmayıb. Mən hesab edirəm ki, bu bir problemdir. Yadımdadır, 1989-cu ildə Xalq rəssamı Əzim Əzimzadənin büstünü qoymuşdular. Onun da üzərində kimliyi qeyd olunmamışdı. Gələn-gedən baxırdı və kimə aid olduğu əksər insanda sual doğururdu.

Ziyadxan Əliyev problemdən çıxış yolunu da göstərdi: Hesab edirəm ki, abidənin üzərində kimin şərəfinə ucaldılıbsa, onun və heykəlin müəllifinin adı mütləq qeyd olunmalıdır. Əksər heykəllərdə adlar yazılıb, amma müəllifin adı unudulub. Düşünürəm ki, bu qanunya norma kimi tətbiq oluna bilər. Məsələn, görkəmli müğənni Rəşid Behbudovun Mahnı Teatrının qarşısında yeni ucaldılan abidəsində müəllifin də adı qeyd olunub. Heykəltəraş Fuad Salayevin bu əsərində belə bir qeydin olmasını təqdirəlayiq hal hesab edirəm.

Müsahibim onu da vurğuladı ki, hansı heykəllərin ki üzərini yazmaq mümkün deyil, onların yanına kimə aid olduğu və müəllifinin adı yazılan lövhələr vurulsun.

Xalq rəssamı, tanınmış heykəltəraş Natiq Əliyev də bu məsələyə birmənalı yanaşdı: Heykəllərin üzərində kimə məxsusdursa adı və müəllifi mütləq yazılmalıdır. İnsanlar bilməlidir ki, bu abidə kimin şərəfinə ucaldılıb, bu heykəl kimin əsəridir. Bu əsərlər daşa köçürülmüş canlı tarixdir. Onları həm ölkə vətəndaşları, həm də xarici qonaqlar görür. Tutaq ki, yerli sakinlər bildi bu şəxs kimdir. Bəs xaricilər? Bu əsərlər gələcəyə bir mesajdır. Bu mesajlar anlaşıqlı olmalıdır. Tarixə baxsaq görərik ki, məscidlərin, sarayların, qalaların üzərində kimin tikdirdiyi, kimin şərəfinə tikildiyitikilinin müəllifinin kim olduğu həmişə qeyd edilirdi. Bu gün bu yazılar bizə bütün tarixi məlumatları, mesajları özü çatdırır.

Natiq Əliyev deyir ki, indi yaradılan abidələr Azərbaycanın yeni yazılan tarixidir. Ona görə də tarixi məlumatları gələcəyə düzgün çatdırmalıyıq: Bu məsələ dünyanın bir çox ölkələrində öz həllini tapıb. Orada bütün heykəllərin üzərində kimə məxsus olduğulap aşağı hissədə müəllifin adı qeyd olunur. Mütləq deyil ki, bizdə də heykəlin altından müəllifin adı qeyd olunsun, müvafiq bir hissədə yazıla bilər. Hesab edirəm ki, heykəlin üzərində mütləq qəhrəmanın adı, müəllifin adı, yaxşı olar ki, həm də doğum və vəfat illəri də yazılsın. Abidənin görünüşünə xələl gəlmədən şəxsiyyətin kimliyi haqqında da məlumat vermək olar. Məsələn, həkim, bəstəkar, şair, yazıçı olduğu qeyd oluna bilər. Bu, görülən işə sanbal gətirər.

Tarix hər gün yazılır. Qoyulan abidə gələcəyə, yeni nəsillərə yadigardır. Bu baxımdan belə əsərlər özündə dolğun məlumatları əks etdirsə, keçmişi rahat səhifələyə, tarix və mədəniyyətimizi daha dürüst qoruya bilərik.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 9 noyabr.- S.7.