Azərbaycan multikultural dəyərlərə mühüm töhfələr verir

Noyabrın 6-da M.S.Ordubadinin xatirə muzeyində Rusiyada qeyd olunan Xalqların həmrəyliyi bayramı (4 noyabr) münasibətilə tədbir keçirilib.

Ölkəmizdəki rus icması nümayəndələrinin iştirak etdiyi tədbir Valeri Limberq adına İqray qarmon rus xalq mahnı ansamblı ilə birgə təşkil olunub.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin yaradıcılığı, mədəniyyət ocağının fəaliyyəti haqqında məlumat verib. Direktor Azərbaycanın multikultural dəyərlərə verdiyi töhfələr barədə də danışıb.

Azərbaycanda fəaliyyət göstərən tatar icmasının sədri Elmira İlyazova, Rusiya Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova və başqaları ölkəmizdə yaşayan azsaylı xalqlara göstərilən diqqət və qayğıdan söz açıblar. Çıxışlarda vurğulanıb ki, tarix boyu Azərbaycanda yaşayan xalqlar arasında milli münasibətlər ahəngdar olub, etnik zəmində heç bir qarşıdurma baş verməyib.

Daha sonra İqray qarmon ansamblının ifasında rus xalq mahnıları səsləndirilib.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2018.- 9 noyabr.- S.4.