Bakı Xoreoqrafiya Akademiyasında bayram tədbiri

 

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş Bayrağınla məsud yaşa ədəbi-bədii kompozisiyası nümayiş olunub. İncəsənət fakültəsi Tələbə elmi cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə müstəqilliyimizin atributlarından olan bayrağımız haqqında məlumat verilib.

Tədris işləri üzrə prorektor, professor Sevda Sadıxbəyova, İncəsənət fakültəsinin dekanı, dosent Aygül Hüseynova, Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Vurğulanıb ki, bayraq hər bir dövlətin müstəqillik, yenilməzlik rəmzidir.

Bədii hissədə BXA-nın prorektoru, Xalq artisti Təranə Muradovanın tələbələri müxtəlif musiqi nömrələri, o cümlədən Üzeyir Hacıbəylinin Cəngi əsərini, milli rəqslərimizin möhtəşəm nümunəsi olan Qarabağ yallısını ifa edib, digər ixtisaslar üzrə bakalavr təhsili alan tələbələr bayraq mövzusunda şeirlər söyləyiblər.

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.6.