Bakı Uşaq Teatrı festivala iki tamaşa ilə gedib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı noyabrın 13-də Türkiyənin Bilecik şəhərində başlanan beynəlxalq festivala iki tamaşa ilə gedib. Festival 13-cü dəfə keçirilir.

Teatrın festivala apardığı Ağıllı tülkü tamaşası uşaqlar üçün nəzərdə tutulub. Teatrın bədii rəhbər-direktoru, Əməkdar artist İntiqam Soltanın müəllifi və quruluşçu rejissoru olduğu tamaşa Azərbaycanda azyaşlılar tərəfindən rəğbətlə qarşılanıb. İndi də türkiyəli uşaqlar onu izləmək imkanı qazanıb.

Teatrın repertuarına yeni daxil olan Sevgi şimşəyi komediyası isə böyüklər üçün nəzərdə tutulub.

Festivalın açılış mərasimində Bilecik Bələdiyyəsinin başqanı Nihat Can, bu bölgədən millət vəkili Selim Yağcı, Bilecik valisi Tahir Büyükakın və rəsmilər iştirak edib.

Festivala Bakı Uşaq Teatrının Ağıllı tülkü tamaşası ilə start verilib. Tədbir noyabrın 25-dək davam edəcək.

 

 

Mədəniyyət.- 2018.- 16 noyabr.- S.4.